Azərbaycanda boşanma hallarının artması nəticəsində minlərlə uşaq sosial və psixoloji çətinliklərlə üzləşir.
Xüsusilə aliment ödənişlərinin vaxtında yerinə yetirilməməsi təkcə ailələr üçün deyil, bütövlükdə cəmiyyət üçün ciddi problemə çevrilib. Maddi dəstəkdən məhrum qalan uşaqların normal şəraitdə böyüməsi çətinləşir, bu isə onların gələcək həyatına və psixologiyasına mənfi təsir göstərir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il aliment ödəməkdən yayınan 4 299 nəfər barəsində inzibati xəta protokolu tərtib olunub. Onlardan 2 344 nəfər inzibati qaydada həbs edilib, 235 nəfərlə bağlı cinayət işi başlanılıb. Açıqlanan rəqəmlər alimentlə bağlı vəziyyətin hələ də çətin olduğunu göstərir.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, boşanmaların artması, ataların aliment ödəməkdən yayınması həmin ailələri iqtisadi və sosial baxımdan daha həssas çətin vəziyyətə salır:

“Aliment ödənişlərinin gecikdirilməsi və ya ümumiyyətlə verilməməsi uşaqların və tək valideynlərin gündəlik yaşayışına ciddi təsir göstərir. Bu hal ailələrdə maddi çətinlikləri dərinləşdirməklə yanaşı, sosial problemlərin də artmasına səbəb olur. Maddi təminatın zəifləməsi uşaqların normal inkişaf imkanlarını məhdudlaşdırır və onların gələcəyinə mənfi təsir edə bilir”.
Psixoloqun sözlərinə görə, bu gün bəzi şəxslər müəyyən səbəbdən aliment ödəməkdən yayınır:
“Kimisi boşandığı qadını cəzalandırmaq üçün bu yolu seçir. Onların fikrincə, qadın ondan ayrılıbsa, uşağın hər cür əziyyətini də qarşılamalıdır. Əgər maddi gücü çatmırsa uşağı atasına verməlidir. Tək qadında çarəsizik içində uşağın istəklərini necə edəcəyini düşünür. Bəzi şəxslər də maddi imkanı olmadığı üçün həmin vəsaiti ödəyə bilmir. İstənilən halda əziyyəti uşağı çəkir. Bu səbəbdən də yaxşı olar ki, aliment fondu yaradılsın. Fond vasitəsilə həmin tək analar çarəsizlik çəkməz”.
Günel Cəlilova

