İbtidai sinifdə şagirdə düzgün tərbiyə və maraqlı məşğuliyyət öyrətmək onu gələcəyin zərərli vərdişlərindən qorumaq deməkdir.
Bu gün 6-7 yaş aralığı uşaqların sosial şəbəkələrə həddindən artıq vaxt ayırması, müəllimlərin sinifdə səmərəli mühit qura bilməməsinin və yaranan maraq boşluğunun birbaşa nəticəsidir. Məktəbdə enerjisini faydalı işə xərcləməyən uşağın növbəti dayanacağı evdə tapacağı virtual aləm olur. Müəllimin yaradacağı kiçik məşğuliyyət belə uşaqda həmin işə qarşı sevgi yaranmasına səbəb ola bilər, buna görə də bu yolda pedaqoqların düzgün təməl qoyulması vacibdir.
Maraqlıdır, ibtidai sinif müəllimlərinin şagirdlərə düzgün tərbiyə və keyfiyyətli təlim verməməsi uşaqların sosial şəbəkələrə həddindən artıq yönəlməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı psixoloq İlhamə Mustafayeva Hit.az-a açıqlamasında bildirib ki, uşaqların oyun prosesini bitirməmiş təlimə yönəlməsi onlarda məktəbə maraqlarının azalmasına səbəb olur:
“Burada əsas məsələ uşaqların dərsə marağının olmaması və yaxud da az olmasıdır. Xüsusən də ibtidai sinif uşaqlarının dərsdən bezməsinin əsas səbəblərindən biri cəmiyyətimizdə 3 yaşından etibarən artıq məktəbə hazırlıq dövrünə başlanmasıdır.
Valideynlər uşaqlarını akademik tərəfdən hər tərəflə yetişdirmək istəyirlər. “Uşaq hər şeyi bilməlidir”, “birinci sinifə hazır olmalıdır” və s. kimi sözlərlə uşaqları 3 yaşından etibarən bu cür yetişdirirlər. Uşaqlar oyun prosesini bitirməmiş, artıq təlim prosesinə yönəlirlər. Uşaqlar hər şeyi artıq məktəbə qədər hazırlıq dövründə keçirlər. Burada isə birinci sinifə maraq azalır”
Həmsöhbətimiz vurğulayıb ki, uşaqların erkən yaşda məktəbə yönəlməsi dərsə marağın azalıb sosial şəbəkəyə isə istəyin artmasına səbəb ola bilər:
“Əsas səbəblərdən biri uşaqların fiziki olaraq yüklənməsidir. Məsələn, barmaqların 7 yaşa qədər formalaşması tam olaraq bitir. Yəni, bir uşağın normal yazması üçün onun 7 yaşının olması lazımdır. Artıq 3 yaşından uşağın, qələm tutması yazı yazması ilə uşaqlar həm də fiziki olaraq da yüklənirlər. Ümumiyyətlə, 7 yaşına qədər uşaqlarda oyun prosesi olmalıdır, təlim prosesi yox.
Rəngləri, sayları yüngül formada sadəcə oyun formasında öyrənmələri daha yaxşı olar. Uşağın hər şey birinci sinifdən başlaması düzgünü olar. Belə olan halda isə daha çox sosial şəbəkələrə yoxda dərsə maraq göstərərlər. Lakin uşaqlar əvvəlcədən hər şəyə hazır olduqları üçün artıq dərs onlara maraqsız gəlir. Üstəlik, bura məktəbdə müəllimlər tərəfindən yüklənmələr də daxildir. Sanki onlar hər şeyi bilməlidirlər”.
Psixoloqun sözlərinə görə, uşaqların sağlam inkişafı üçün istirahət və ailə ilə ünsiyyət vacibdir:
“Dərsdən sonra uşaqlar hətta hazırlıqlara qalırlar. Yəni, onlar həm fizioloji, həm psixoloji olaraq yorulurlar. Həmçinin, dərsdən sonra normal şəkildə oynaya bilmirlər. Məsələn, onların hava alması, normal şəkildə həyətdə oynaması, valideynlərlə birlikdə vaxt keçirmələri daha yaxşı olar. Çünki indi valideynlərin çoxu ya işə görə, ya da vaxtını keçirmək məqsədilə telefon və kompüterlə çox vaxt keçirirlər”.
Mütəxəssis söyləyib ki, ibtidai sinifdə uşaqların müqayisə olunması onların təhsilə marağını azalda bilər:
“Müəllimlərdə ibtidai sinifdə təlim prosesini dügün formada aparmalıdır. Əsas məsələlərdən biri odur ki, həm müəllim, həm valideynlər uşaqların hərtərəfli bilikləri mənimsəməsini onlardan tələb edirlər. Sanki hər kəs əlaçı olmalıdır, yaxşı oxumalıdır və s. kimi hərəkətlərlə uşaqları yükləyirlər. Halbuki hər uşağın götürmə potensialı var. Ola bilər ki, biri riyaziyyatda, biri ana dilində daha yaxşıdır.
Yəni, uşaqları müqayisə etmək onlarda təhsilə, təlimə qarşı ikrah hissi yaradır. Ona görə də onlar təhsildən uzaqlaşırlar və vaxtlarını digər yerlərdə keçirmək istəyirlər. Ən birincisi, müəllimlərdən tələb olunan şey uşaqları müqayisə etməməkdir. Çünki bu digər uşaqların da psixologiyasına təsir edir. Məsələn, pis oxuyan uşaqlar potensialına uyğun qiymət alır və digəri tərifləndikdə özünə qapanmağa başlayırlar. “Mən bacarmıram, filankəs yaxşıdır, onsuz da mən oxusam da bacarmayacam” və s. kimi psixoloji hallar yaşayırlar".
İ. Mustafayeva diqqətə çatdırıb ki, hədsiz özgüvən uşaqlarda sosial münasibətlərə mənfi təsir edə bilir:
“Müqayisə olunma prosesində yaxşı oxuyan uşaqlarda həddindən çox özgüvən formalaşır və bu da yaxşı bir şey deyil. Ümumiyyətlə, özgüvənin çox olması da ziyandır. Çünki hədsiz özünü qiymətləndirmə münasibətlərdə problem yaradır”.
Arzu İbrəhimova



