Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal urbanizasiya çağırışlarının müzakirə edildiyi mötəbər platforma olmaqla yanaşı, həm də elm və təhsil dünyası üçün strateji bir qovşağa çevrilir.
Yəni bu Forum təkcə şəhərlərin fiziki simasını deyil, həm də Azərbaycan təhsilinin gələcək strateji xəttini formalaşdıran bir katalizator rolunu oynayır. Bu platformanın Bakıda keçirilməsi ölkəmizin beynəlxalq mövqeyini gücləndirəcək və gələcəkdə də mötəbər layihələrin sayını əhəmiyyətli dərəcədə artıracaqdır.
"Perspektiv" Siyasətin Texnologiyaları İB-nin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Hit.az-a açıqlamasında deyib ki, Bakı şəhərində keçirilən WUF13 Forumu Azərbaycanın qlobal şəhərsalma gündəmində getdikcə daha aktiv iştirak etdiyini ortaya qoyur:

“Bu tədbir ölkənin beynəlxalq əməkdaşlıq platformalarında etibarlı və diqqətçəkən tərəfdaş kimi qəbul olunduğunu bir daha təsdiqləyir. Azərbaycan son illərdə iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm mərkəzlərdən birinə çevrilib. Şəhər və regionların inkişafına yönəlmiş layihələr, eləcə də 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə verilən strateji önəmi göstərir.
Müasir dövrdə ölkədə aparılan infrastruktur yenilənməsi şəhərlərin simasını dəyişdirir və yaşayış mühitini daha funksional edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri isə müasir urbanizasiya yanaşmasının nümunəsi kimi qiymətləndirilir”.
R.Qonaqov diqqətə çatdırıb ki, WUF13-ün Bakıda təşkili bu inkişaf xəttinin beynəlxalq səviyyədə tanınmasının göstəricisi sayılır və Azərbaycanın şəhərsalma sahəsində artan rolunu daha da ön plana çıxarır.
Günel Cəlilova


