Ətdən sonra mal ciyərinin də qiyməti ARTDI

İQTİSADİYYAT
15:00 / 21.05.2026
128

Son dövrlərdə bazarda qırmızı ətin bahalaşması heyvan mənşəli digər məhsulların da qiymətinə təsirsiz ötüşməyib. 

Xüsusilə də mal və qoyun içalatlarının satış qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Ətin qiyməti yüksəldikcə bir çox alıcı daha münasib hesab etdiyi məhsullara, əsasən də ciyərə yönəlməyə başlayıb. Tələbatın qısa müddətdə çoxalması isə bazarda qiymətlərin artmasına səbəb olub. Hazırda bəzi satış məntəqələrində mal ciyərinin kiloqramı 15 manata qədər təklif edilir.

Bəs mal ciyərinin bahalaşmasına səbəb nədir?

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Hit.az-a açıqlamasında deyib ki, mal ciyərinin qiymətinin bahalaşması ətin qiymətinin artımı ilə bağlıdır: 

400106

“Ətin qiyməti 18 manata yüksəlirsə, ciyərin də qiyməti buna uyğun olaraq artır və arada təxminən 20 faizlik fərq saxlanılır. Ətin qiyməti artdıqda digər ət məhsullarının da qiymətində yüksəliş müşahidə olunur”. 

Onun fikrincə, yaxın dövrdə ətin qiymətində daha da artım ola bilər:

“Ölkəyə idxal olunan dondurulmuş ətin bahalaşması da ümumi qiymətlərə təsir göstərir. İstehsalda artımın real olmaması isə qiymətlərin sabitləşməsinə imkan vermir. Əhalinin alıcılıq qabiliyyəti isə aşağı səviyyədə qalır. Bu səbəbdən insanlar daha çox ucuz ət növlərinə, xüsusilə toyuq ətinə üstünlük verirlər”.

Günel Cəlilova

0