Lombardlar qısa zamanda pul əldə etmək istəyənlər üçün ən əlçatan vasitələrdən biri hesab olunur.
Burada kredit almaq üçün nə zamin tələb edilir, nə də əlavə sənədləşməyə ehtiyac yaranır. Şəxsiyyət vəsiqəsi və girov qoyulan əşya kifayət edir. Lakin proses hər zaman göründüyü qədər problemsiz olmur. Bir çox hallarda vətəndaşlar girov qoyduqları qızıl-zinət əşyalarını geri götürməkdə çətinlik yaşayırlar.
Bəzən borc tam ödənilsə belə, əşyaların qaytarılması ilə bağlı problemlər ortaya çıxır. Son dövrlərdə mediada lombardların müştərilərə məxsus qızılları geri verməməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlinir.
Vətəndaşları ən çox maraqlandıran sual isə lombarda qızıl qoyarkən nələrə diqqət edilməlidir?
İlk olaraq bildirək ki, qızılını lombarda təhvil verən şəxslər çox vaxt gözlədikləri məbləği ala bilmirlər. Bunun əsas səbəbi odur ki, lombardlar zinət əşyasının görünüşünə və hazırlanma xüsusiyyətlərinə deyil, yalnız içərisindəki qızılın təmizliyinə və çəkisinə diqqət yetirirlər. Yəni üzük və ya boyunbağı nə qədər bahalı və ya xüsusi dizayna malik olsa da, qiymətləndirmə zamanı bu amillər nəzərə alınmır.
Bununla yanaşı, lombardlar üçün əsas məsələ girovun qısa müddətdə satıla bilməsidir. Buna görə də qızıl məmulatları bazardakı satış dəyərindən daha aşağı qiymətlə hesablanır. Belə hallarda vətəndaşlar sənədləşməyə xüsusi diqqət ayırmalıdırlar. Bağlanan müqavilədə kreditin şərtləri, faiz hesablanması, ödəniş vaxtı və gecikmə zamanı tətbiq olunacaq qaydalar açıq şəkildə göstərilməlidir. Lombardın girov qoyulmuş əşyanı istifadə etmək kimi ixtiyarı yoxdur. Hər hansı bir səbəbdən qızıla zərər dəyibsə, o zaman bu halı lombard sahibi qarşılamalıdır.
Əgər lombard şəxsin qızılını geri qaytarmırsa, o zaman vətəndaş məhkəməyə müraciət edə bilər. Çünki Mülki Məcəllədə lombard krediti girov kimi müəyyən edilib. Bu səbəbdən də şəxs öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilər.
Yaxşı olar ki, maliyyə ehtiyacı yaranan zaman daha etibarlı seçim kimi bank xidmətlərinə üstünlük versin. Nəzərə almaq lazımdır ki, bəzi banklar da girov əsasında kredit təqdim edir və bu proses daha təhlükəsiz şəkildə həyata keçirilir.
Günel Cəlilova


