Süni ağardılan qənd, saxta düyü - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı sensassion iddialar

HADİSƏ
22:56 / 08.10.2024
342
Xəbər verildiyi kimi ötən gün paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verib. Fövqəladə Hallar Naziliyindən verilən ilkin məlumata görə ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışa səbəb qaz sızması olub. Partlayışda həm obyektə ciddi ziyan dəyib, həm də 6 nəfər bədən xəsarətləri alıb. 
 
Bizim.Media-nın araşdırmasına görə partlayış Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan "Bolluq LTD” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsində baş verib. 
 
Hansı ki, bu şirkət ümumilikdə fəaliyyətində verdiyi nöqsan və pozuntulara görə dəfələrlə aidiyyəti qurumlar tərəfindən cəzalandırılıb. 
 
İstehsal olunan qəndlər süni şəkildə ağardılır? 
 
Qeyd edək ki, partlayış baş verən filialda artıq ikinci qalmaqaldır ki, yaşanır. Bundan əvvəl "Bolluq” MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsinin müdiri satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulmasında (qəndin ağardılması) ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. 
 
Müəssisənin bağlanılmasına qərar verilibsə, niyə fəaliyyətdədir? 
 
Bu ilin iyun ayında şirkətin Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanında isə yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkarlanıb.
 
Belə ki, obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub, anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub. Həmçinin obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb.
 
Elə insan həyatı və ya sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı üçün həmin ünvandakı obyektin bağlanmasına rəsmi qərar da verilib. Amma əldə etdiyimiz məlumata görə bu qərara məhəl qoymayan şirkət rəhbərliyinin göstərişi ilə Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanındakı müəssisə hələ də fəaliyyətdədir. 
 
Təhlükəsizlik qaydaları pozulur...
 
Görünən odur ki, şirkətin sözügedən filailında olduğu kimi "Bolluq” MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanındakı sexdə də insan sağlamlığına təhlükə yarada amillər olub. İddialara görə bu müəssisədə də digəri kimi qaz xəttində yıvli birləşmələrdən istifadə olunub və qaz sızması yaranıb. 
 
Maraqlısı odur ki,  şirkətin öz daxilində də qanunsuzluqlar yaşanıb. Belə ki, "Bolluq LTD” MMC-nin Şirvan şəhər filialının satış təmsilçisi çalışdığı müəssisənin pullarını mənimsəyib və işə rayon prokuroluğu qarışıb.  
 
Ölkənin qida və qənnadı sektorunda istehsal, satış və distribüter şirkəti kimi fəaliyyət göstərən "Bolluq” MMC-nin adı başqa qalmaqallarda da çəkilir. 
 
Belə ki, "Bolluq LTD"  reklam haqqında qanunvericiliyin tələbini pozmasına görə 5 min manat cərimə edilib.
 
Bundan əlavə şirkətin fabriklərində antisanitariyanın hökm sürdüyü ilə bağlı zaman-zaman mediada məlumatlar və görüntülər yayılıb. 
 
Saxta düyü istehsal olunur? 
 
Bu azmış kimi "Bolluq” MMC saxta düyü istehsalı iddiası ilə də ad qazanıb. Novruz bayramı ərəfəsində süfrələri bəzəyən düyünün sintetik olduğuna dair görüntülər ictimaiyyətdə əməlli başlı səs-küy yaradıb. Ciddi narahatlıq doğuran məsələ ilə bağlı çaşqınlığa şirkətin rəhbərinin açıqlamasından sonra  son qoyulub. Hətta məlum olmayan səbəblərdən sintetik düyü ilə bağlı görüntülər sosial şəbəkələrdən götürülüb. 
 
Qeyd edək ki, iki gündür ki, partlayışın səbəbi ilə bağlı "Bolluq” MMC ilə əlaqə yarada bilmirik. Zənglərimizə şirkətin fərqli bir neçə əməkdaşı cavab versə də, ya baş verən partlayışdan xəbərsiz olduqlarını, ya da bu barədə düz ünvana düşmədiyimizi  bildirirlər. 
 
Məlumat üçün bildirək ki, 1993-cü ildə topdansatış mərkəzi kimi fəaliyyətə başlamış "Bolluq LTD” MMC-nin direktoru Ağasəf  İsgəndərovdur. 
0