“İnsanların dəbdəbəli toy, ad günü və digər kütləvi mərasimlərdən əl çəkməməsinin arxasında bir sıra mühüm psixoloji və sosial amillər dayanır”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hər kəsin düşüncəsi, baxış bucağı və psixologiyası fərqli olsa da, bu qərarın verilməsinə təsir edən bir çox səbəb var:
“Birincisi, sosial təsdiq və özünü təsdiqetmə istəyidir. Yəni insanlar bəzən öz həyatlarını yaşamaqdan daha çox, başqalarının onları necə gördüyünə və qəbul etdiyinə daha çox əhəmiyyət verirlər. Nəticədə, toy və ya ad günləri cəmiyyət qarşısında özünü təqdim etmək, sosial mövqe göstərmək və başqalarından təsdiq almaq üçün vasitəyə çevrilir.
İkincisi isə güc və həyat şəraitinin nümayişidir. “Etdiyim toy hazırda sizə yaşadığım həyat şəraitini göstərir, mən bu gücə və imkana sahibəm” düşüncəsi bir çox hallarda əsas hərəkətverici qüvvə olur”.
Psixoloqun sözlərinə görə, hörmət və nüfuz qazanmaq istəyi də burada mühüm rol oynayır:
“Mərasimlərin nə qədər dəbdəbəli olarsa, bir o qədər çox insan tərəfindən hörmət qazanılacağına və ailənin nüfuzunun artacağına inanılır. İnsanlar bununla digərləri tərəfindən daha yaxşı fikirlərə sahib olunacağını düşünürlər.
Həmçinin, sosial müqayisə və təzyiqdən də bəhs etməliyik. Belə ki, cəmiyyətdə başqalarının keçirdiyi tədbirlərlə öz həyatını müqayisə etmək meyli var. Yəni “filankəs belə etdi, mən niyə etməyim?” sualı insanlarda büdcə və xərclər baxımından böyük təzyiq yaradır”.
Lakin ekspert qeyd edib ki, bu göstəriş maliyyə yükü və uzunmüddətli çətinliklərə gətirib çıxarır:
“Əlbəttə ki, imkanı olub dəbdəbəli toy və ya ad günləri keçirənlərdən danışmıram. Mənim bəhs etdiyim maddi vəziyyəti o şənliyə uyğun olmamasına rəğmən, başqalarının nə deyəcəyini düşünərək bunu edənlərdir. Hətta bir çoxu bunun üçün gedib kredit götürür.
Bir günlük xoşbəxtlik və coşğu üçün götürülən kreditlər və yaranan maliyyə yükləri sonrakı aylar və illər ərzində ciddi sıxıntılara səbəb olur. Lakin insanlar başqalarının münasibətinə daha çox diqqət yetirdikləri üçün bu çətinlikləri gözardı edirlər.
Faktiki olaraq, əsas problem başqalarının nə düşündüyündən asılı olaraq yaşamaq və onların yaratdığı sosial gözləntilərə uyğunlaşmaq istəyidir. Ən vacib məqam başqalarının necə göründüyü deyil, insanın öz həyatını hansı rahatlıq və güvən içində qurmasıdır”.
Pərviz


