Son günlərdə İran müharibəsinin yenidən başlayacağına dair iddialar sürətlə artmaqdadır.
Daha dəqiq desək, ABŞ-nin adıçəkilən ölkəyə qarşı yeni əməliyyatlara başlamağa hazırlaşdığı deyilir. Artıq Prezident Donald Trampın bu barədə qərar verdiyi və hətta əməliyyatın başlama vaxtının belə bəlli olduğu önə sürülür.
ABŞ mediasında yazılan məlumatlara əsasən, Tramp aralıq seçkilərindən bir gün sonra, yəni 4 noyabrda İrana qarşı hücum əmrini verəcək. Üstəlik, bu əməliyyatda “bütün bombaların anası” adlandırılan bombanın da istifadə edilmə ehtimalının yüksək olduğu vurğulanır.
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyi barədə məlumatlar müəyyən hərbi-siyasi hazırlıqlara əsaslanır:
“Xüsusilə ABŞ və İsrailin birgə əməliyyat planları üzərində işləməsi, regionda əlavə hərbi qüvvələrin yerləşdirilməsi və İranın nüvə, raket, eləcə də enerji infrastrukturunun mümkün hədəflər sırasında göstərilməsi diqqət çəkir. Lakin 4 noyabr tarixini hərbi əməliyyatların başlanacağı qəti tarix kimi qəbul etmək doğru olmaz. Çünki hərbi planların hazırlanması ilə siyasi qərarın verilməsi fərqli məsələlərdir”.
Onun sözlərinə görə, Tramp administrasiyası bir tərəfdən Tehrana hərbi təzyiq imkanlarını genişləndirir, digər tərəfdən isə bu təzyiqdən danışıqlarda güzəştlər əldə etmək üçün istifadə etməyə çalışır:
“Burada ABŞ-nin daxili siyasi gündəmi, İsrailin təhlükəsizlik maraqları və İranın mümkün cavab tədbirlərinin regional nəticələri də mühüm rol oynayır. Xüsusilə Hörmüz boğazında vəziyyətin yenidən gərginləşməsi və enerji bazarlarında yarana biləcək böhran Vaşinqtonun qərarına təsir göstərən amillərdəndir”.
Politoloq qeyd edib ki, “bütün bombaların anası” adlandırılan GBU-43/B MOAB bombasının istifadəsinin ABŞ hərbi planlaşdırmasında nəzərdən keçirildiyi barədə məlumatlar mövcuddur:
“Təxminən 9,8 ton ağırlığında olan bu bomba ABŞ arsenalındakı ən güclü qeyri-nüvə silahlarından biridir və 2017-ci ildə Əfqanıstanda tətbiq edilib. Lakin onun İran ərazisində istifadəsi həm hərbi, həm də siyasi baxımdan ciddi nəticələr doğura bilər. Üstəlik, bu silahın İranın dağların dərinliyində yerləşən və möhkəmləndirilmiş nüvə obyektlərini tamamilə sıradan çıxarmaq imkanları məhduddur.
Bu səbəbdən onun tətbiqi hərbi nəticələrlə yanaşı, İran rəhbərliyinə psixoloji təzyiq göstərmək və ABŞ-nin hərbi üstünlüyünü nümayiş etdirmək məqsədi də daşıya bilər. Bununla belə, belə bir zərbə İranın nüvə proqramının tam dayandırılmasına və ya Tehranın siyasi güzəştlərə razılaşmasına zəmanət vermir. Əksinə, mülki itkilər, cavab hücumları və regional münaqişənin genişlənməsi risklərini artıra bilər”.
Elmir Mustafa



