İsraildə keçirilən parlament seçkilərindən sonra siyasi mənzərə ilə bağlı əsas sual hökumətin necə formalaşacağıdır.
Heç bir siyasi blokun təkbaşına hakimiyyət qurmaq üçün zəruri mandatı əldə etməməsi koalisiya danışıqlarını ön plana çıxarıb. Bəs tərəflər ortaq məxrəcə gələ biləcəkmi, yoxsa ölkəni yenidən seçkilər gözləyir? Bu proses Yaxın Şərqdəki siyasi vəziyyətə necə təsir göstərə bilər?
Siyasi şərhçi Azad Məsiyev Hit.az-a açıqlamasında bildirib ki, İsraildə keçirilən seçkilərin nəticələri yalnız ölkənin daxili siyasi həyatına deyil, bütövlükdə Yaxın Şərqdə baş verən proseslərə də təsir göstərəcək:

“Seçkilərdə heç bir siyasi blokun hökuməti təkbaşına formalaşdırmaq üçün kifayət qədər mandat əldə etməməsi koalisiya hökumətinin yaradılmasını zəruri edir. İsraildə parlament 120 deputatdan ibarətdir. Hökuməti formalaşdırmaq üçün ən azı 61 deputatın dəstəyini qazanmaq lazımdır. Lakin seçkilərin nəticələri göstərdi ki, heç bir partiya təkbaşına bu imkana sahib deyil.
Bu baxımdan hökumətin koalisiya əsasında formalaşdırılması nəzərdə tutulur. Burada müxalifət düşərgəsindəki qüvvələrin, xüsusilə ərəb partiyalarının mövqeyi və iradəsi də əhəmiyyətli rol oynaya bilər. Əgər siyasi qüvvələr arasında razılıq əldə olunmasa və koalisiya hökuməti formalaşdırmaq mümkün olmasa, ölkədə yenidən növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gələcək”.
Ekspert hesab edir ki, koalisiya hökumətinin yaradılacağı təqdirdə İsraildə yeni siyasi situasiya formalaşacaq:
“Çünki koalisiyanı təşkil edən partiyaların hər birinin maraqları nəzərə alınmalı olacaq. İsraildə hakimiyyətə hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq, dövlətin Yaxın Şərqlə bağlı uzunmüddətli strategiyasında ciddi dəyişiklik gözlənilmir. İsrail dövləti yarandığı gündən müəyyən etdiyi strateji xətti qoruyub saxlayır və həyata keçirir. Hakimiyyətdə olan partiyalar dəyişə, fərqli taktiki gedişlər edə bilər, amma əsas strategiya dəyişməz qalır.
Bu strategiyanın mahiyyəti Yaxın Şərqdə İsrailin ərazi və siyasi təsir imkanlarını genişləndirməkdir. Fikrimcə, bu siyasət Fələstin torpaqları hesabına həyata keçirilir. İsrailin indiki ərazisinin müəyyən hissəsi də Fələstin torpaqları hesabına formalaşıb. Eyni zamanda, qonşu dövlətlərin ərazilərində müxtəlif bəhanələrlə bufer zonaların yaradılması və həmin ərazilərə nəzarətin genişləndirilməsi siyasəti yürüdülür”.
Politoloq Qəzzada baş verən hadisələrin də bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilməli olduğunu düşünür:
“Qəzzada həyata keçirilən hərbi siyasətin məqsədlərindən biri də bölgədə yaşayan insanların o torpaqlardan köçürülməsi və həmin ərazilərin İsrailin nəzarətinə keçirilməsidir. Bu gün dünyada baş verən proseslər İsrailin siyasətinin beynəlxalq hüququn prinsipləri ilə bağlı ciddi mübahisələrə səbəb olduğunu göstərir.
Qəzzada baş verənlər beynəlxalq hüquqi proseslər çərçivəsində də müzakirə olunur. İsrailin baş naziri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi də bu proseslərin bir hissəsidir. Bütün bunlar onu göstərir ki, hakimiyyətdə hansı partiyanın təmsil olunmasından asılı olmayaraq, İsrailin əsas strateji məqsədləri dəyişmir, yalnız bu məqsədlərə çatmaq üçün istifadə edilən taktiki üsullar fərqlənir”.
Sevinc


