Son vaxtlar uşaqlar arasında rotavirus infeksiyasına yoluxma halları diqqət çəkir.
Xüsusilə azyaşlı uşaqlarda rast gəlinən bu xəstəlik qusma, ishal, qarın ağrısı və hərarətlə müşayiət oluna bilər. İnfeksiya zamanı yaranan maye itkisi uşaqlar üçün müəyyən risklər yaratdığından valideynlərin diqqətli olması vacibdir. Bəs rotavirus nədir, necə yoluxur və ondan xilas olmaq üçün nə etməliyik?
İnfeksionist-hepatoloq Mərdan Əliyev Hit.az-a açıqlamasında bildirib ki, rotavirus infeksiyasına payız və qış aylarında daha çox rast gəlinir:

“Hazırda bu xəstəliklə bağlı müraciətlərin sayı çox olmasa da, mövsümi artımın baş verəcəyi ehtimal olunur. İnfeksiyanın yayılmasında uşaq kollektivləri mühüm rol oynayır. Tədris ilinin başlaması, bağça və məktəblərdə uşaqların sıx ünsiyyətdə olması yoluxma ehtimalını artırır. Xüsusilə bağça yaşlı uşaqlarda xəstəlik daha ağır formada özünü göstərə bilər”.
Həkim diqqətə çatdırıb ki, rotavirusun əsas əlamətləri yüksək hərarət, qusma və ishaldır:
“Bu simptomlar nəticəsində uşağın orqanizmində ciddi maye itkisi yarana bilər. Qusma səbəbindən uşağın su içməkdə çətinlik çəkməsi isə susuzlaşma təhlükəsini daha da yüksəldir. İnfeksiya zamanı maye qəbulu xüsusi əhəmiyyət daşıyır. Uşağa birdəfəyə çoxlu su vermək əvəzinə, az miqdarda və qısa fasilələrlə maye içirmək daha məqsədəuyğundur. Ağır hallarda itirilmiş mayenin bərpası üçün venadaxili müalicəyə ehtiyac yarana bilər”.
Ekspert qeyd edib ki, rotavirusun birbaşa virus əleyhinə spesifik müalicəsi mövcud deyil:
“Tibbi yardım əsasən xəstəliyin əlamətlərinin yüngülləşdirilməsinə və orqanizmin itirdiyi mayenin bərpasına yönəldilir. Hərarətsalıcı və digər preparatlar isə uşağın vəziyyətinə uyğun olaraq həkim tərəfindən təyin edilir. Xəstəlik dövründə uşağın fiziki yüklənmədən uzaq olması, kifayət qədər dincəlməsi vacibdir. İştahasızlıq müşahidə edildikdə onu yeməyə məcbur etmək düzgün yanaşma deyil. Bu mərhələdə əsas diqqət maye qəbulunun təmin edilməsinə verilməlidir”.
İnfeksionist vurğulayıb ki, rotavirusun ötürülməsi əsasən fekal-oral yolla baş verir:
“Virusla çirklənmiş əllər, oyuncaqlar və müxtəlif səthlərlə təmas yoluxmaya səbəb ola bilər. Uşaqların gigiyena qaydalarına tam əməl edə bilməməsi, xüsusilə əllərin düzgün yuyulmaması infeksiyanın kollektivlərdə yayılmasını asanlaşdırır. Buna görə də valideynlər uşaqlarda əl gigiyenasına xüsusi diqqət yetirməlidirlər”.
Sevinc

