Dövlət investisiyalarını ikiqat artırır: 5,3 milyard manat hara xərclənəcək?

İQTİSADİYYAT
22:52 / 31.10.2026
56

2027-ci ildə Azərbaycanda dövlət investisiya xərclərinin təxminən iki dəfə artırılaraq 5,3 milyard manata çatdırılması nəzərdə tutulur. Büdcə vəsaitinin bu istiqamətdə əhəmiyyətli dərəcədə artırılması onun hansı layihələrə yönəldiləcəyi və iqtisadiyyata hansı faydanı verəcəyi məsələsini gündəmə gətirir. Bəs investisiya xərclərinin kəskin artırılmasının arxasında hansı iqtisadi səbəblər dayanır və bu vəsaitin vətəndaşların rifahına, eləcə də özəl sektorun inkişafına real təsiri nədən asılı olacaq?

“Büdcə gəlirlərinin dayanıqlığı baxımından əhəmiyyətlidir”

Millət vəkili Rövşən Muradovun sözlərinə görə, Azərbaycanın dövlət investisiya siyasətində əsas meyar milli sərvətlərin davamlı istehsal imkanlarına və vətəndaşların rifahına çevrilməsidir: “Azərbaycan 2030” Milli Prioritetlərində də dövlət sərmayəsinin səmərəliliyinin artırılması, iqtisadiyyatın şaxələndirilməsi və özəl təşəbbüslərin genişləndirilməsi mühüm istiqamətlər kimi müəyyənləşdirilib. Neft gəlirlərinin məhsuldar aktivlərə yönəldilməsi uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunmasına xidmət etməlidir. 2027-ci ilin dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu üçün 5,3 milyard manat nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiqlənmiş 2,7 milyard manatlıq göstəricisindən 96,3 faiz çoxdur. Bununla yanaşı, ortamüddətli proqnozda ümumi əsaslı xərclər 13,8 milyard manat göstərilir ki, bu da 2026-cı ilin planından 1,7 faiz azdır. Bu göstəricilərin fərqli xərc kateqoriyalarını əhatə edib-etmədiyi dəqiqləşdirilməli, investisiya artımının real miqyası layihələr üzrə bölgü və qiymət dəyişiklikləri nəzərə alınmaqla qiymətləndirilməlidir”.

R.Muradov bildirdi ki, artımın mümkün səbəbləri sırasında davam edən layihələrin daha çox maliyyə tələb edən mərhələyə keçməsi, yeni dövlət proqramlarının icrası və istehsalın inkişafına mane olan infrastruktur problemlərinin aradan qaldırılması yer ala bilər: “Neft hasilatının azalması şəraitində qeyri-neft sektorunun məhsuldarlığının yüksəldilməsi də gələcək büdcə gəlirlərinin dayanıqlığı baxımından əhəmiyyətlidir. Dövlət investisiyaları tikinti, yerli material istehsalı, yükdaşıma və mühəndislik xidmətlərinə tələbatı artırmaqla müəssisələrin fəaliyyətini və məşğulluğu dəstəkləyə bilər. Daha uzunmüddətli fayda isə infrastrukturun istehsal xərclərini azaltmasından asılıdır. Məsələn, suvarma imkanlarının yaxşılaşdırılması kənd təsərrüfatında məhsuldarlığı artıra, etibarlı enerji təchizatı istehsal itkilərini azalda, nəqliyyat əlaqələri isə məhsulların bazara çatdırılmasını asanlaşdıra bilər”.

Deputatın fikrincə, bu faydaların özəl sahibkarlığa ötürülməsi dövlət satınalmalarında rəqabətdən, kiçik və orta müəssisələrin layihələrdə iştirak imkanlarından və müqavilə ödənişlərinin vaxtında həyata keçirilməsindən asılıdır: “İnfrastrukturun inkişafı ilə yanaşı, maliyyəyə çıxış və bazar imkanlarının genişləndirilməsi yerli təchizat zəncirlərini gücləndirə, sahibkarların yeni istehsal sahələri yaratmasına, əlavə kapital cəlb etməsinə şərait yarada bilər. Vətəndaşlar üçün əsas fayda iş yerlərinin, sabit gəlirlərin və keyfiyyətli xidmətlərin artmasıdır. Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun sahibkarlıq və məşğulluq imkanları ilə tamamlanması Böyük Qayıdışın iqtisadi dayanıqlığını gücləndirə bilər”.

“Dövlət investisiyaları özəl sektorun inkişafına şərait yaratmalıdır”

İqtisadçı Asif İbrahimli isə bildirdi ki, investisiyaların iqtisadiyyata faydası hansı layihələrə yönəldilməsindən asılıdır: “Dövlət investisiyalarının planlaşdırılmasında əsas məqsəd özəl sektorun inkişafına şərait yaratmaq, xarici investisiyaları cəlb etmək olmalıdır. Dövlət, ilk növbədə, yol, enerji, su təchizatı, nəqliyyat, rəqəmsal infrastruktur və sosial obyektlər kimi ümumi iqtisadi inkişaf üçün vacib sahələrə vəsait ayırmalıdır. Keyfiyyətli infrastruktur sahibkarların istehsal müəssisələri qurmasını asanlaşdırır. Onlar üçün hüquqlarının qorunması və qanunvericiliyin sabitliyi də vacibdir”.

A.İbrahimlinin sözlərinə görə, istehsal sahələrinə dövlətin birbaşa vəsait yatırması məsələsinə daha diqqətlə yanaşmaq lazımdır. Dövlət hər sahədə zavod və fabrik tikməyə, kommersiya fəaliyyəti ilə məşğul olmağa və özəl sektorla rəqabət aparmağa məcbur deyil: “Onun əsas vəzifəsi sahibkarların qarşısındakı maneələri aradan qaldırmaq, sağlam rəqabəti təmin etmək və investisiya mühitini yaxşılaşdırmaqdır. Xarici investisiyaların cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır. Xarici investor ölkəyə yalnız vergi güzəştlərinə görə gəlmir. Onun üçün hüquqi təminat, şəffaf satınalma sistemi, müstəqil məhkəmə müdafiəsi, proqnozlaşdırıla bilən iqtisadi siyasət və bazara bərabər çıxış imkanları da vacibdir. İnvestisiyaların hüquqi müdafiəsi və biznes qərarlarına əsassız müdaxilənin qarşısının alınması yeni texnologiyaların, idarəetmə təcrübəsinin və əlavə iş yerlərinin ölkəyə gətirilməsinə kömək edə bilər”.

“Belə qərarlar iqtisadi cəhətdən əsaslandırılmalıdır”

İqtisadçının fikrincə, dövlət investisiyalarının artması özlüyündə iqtisadi inkişafın göstəricisi deyil. Əsas məsələ ayrılan vəsaitin qeyri-neft sektoruna, özəl sərmayələrin artımına və daimi iş yerlərinin yaradılmasına nə dərəcədə töhfə verməsidir: “Bəzi strateji və kommersiya baxımından cəlbedici olmayan sahələrdə dövlətin birbaşa iştirakı zəruri ola bilər. Lakin belə qərarlar iqtisadi cəhətdən əsaslandırılmalı, vəsaitin istifadəsi şəffaf olmalı və layihələrin uzunmüddətli faydası qiymətləndirilməlidir”.

Mənbə: "Kaspi" qəzeti

0