Politoloq: “Azərbaycançılıq həyat tərzimiz və fəaliyyət istiqamətimiz olmalıdır”

SİYASƏT
13:10 / 02.11.2026
228

“Bir millətin formalaşmasının ideoloji əsaslarından danışarkən, ilk növbədə, millət quruculuğu, milli kimlik, kollektiv yaddaş, vətəndaş həmrəyliyi və dövlətin legitimliyi kimi anlayışlar nəzərdə tutulmalıdır”. 

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, millət anlayışını yalnız ortaq ərazi, dil və ya etnik mənşə əsasında formalaşan birlik kimi qəbul etmək düzgün olmaz: 


“Çünki millətin təşəkkül tapmasında ortaq tarixi təcrübə, siyasi dəyərlər, kollektiv məqsədlər və vahid siyasi cəmiyyətə mənsubiyyət hissi də mühüm rol oynayır. Millət üzvlərinin hər biri bir-birini şəxsən tanımasa belə, özünü vahid cəmiyyətin tərkib hissəsi hesab edən insanların yaratdığı sosial-siyasi birlikdir. 

Bu baxımdan ortaq dil milli şüurun formalaşması üçün vahid ünsiyyət mühiti yaradır, təhsil, ədəbiyyat və kütləvi informasiya vasitələri milli şüurun inkişafına töhfə verir. Tarixi yaddaş, ortaq tarixi narrativlər və milli simvollar isə kollektiv mənsubiyyət hissini gücləndirir. İnsanların özlərini vahid cəmiyyətin üzvü kimi dərk etməsi, nəticə etibarilə, milli həmrəyliyin formalaşmasına zəmin yaradır”.

Ekspert qeyd edib ki, tarixi təcrübə dövlətlərin və cəmiyyətlərin uzunmüddətli inkişafında onları birləşdirən ortaq ideoloji dayağın mövcudluğunun mühüm əhəmiyyət daşıdığını göstərir:
“Belə bir ideoloji təməl cəmiyyətin müxtəlif təbəqələri və qrupları arasında ortaq məqsədlərin müəyyənləşdirilməsinə, milli maraqlar ətrafında konsolidasiyaya və dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edir. Ortaq ideoloji prinsiplərin zəif olduğu cəmiyyətlərdə isə sosial parçalanma və vahid məqsədlər ətrafında birləşməkdə çətinliklər meydana çıxa bilər.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş “Azərbaycançılıq” məfkurəsi müasir Azərbaycan dövlətçiliyinin ideoloji dayağı olmaqla yanaşı, milli birliyimizin və həmrəyliyimizin mənəvi-siyasi təməlidir. Bu baxımdan “Azərbaycançılıq” yalnız müəyyən ideoloji istiqamət deyil, həm də müxtəlif etnik, dini və mədəni mənsubiyyətə malik insanları ümumbəşəri dəyərlər, ortaq milli maraqlar və dövlətçilik prinsipləri ətrafında birləşdirən fəlsəfi-siyasi konsepsiyadır”.

Politoloq vurğulayıb ki, “Azərbaycançılıq” məfkurəsinin birləşdirici mahiyyəti 44 günlük Vətən müharibəsi dövründə də özünü göstərdi:
“Həmin dövrdə Azərbaycanda yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlar vahid milli amal ətrafında birləşərək ölkənin ərazi bütövlüyünün bərpası uğrunda ümumi iradə nümayiş etdirdilər. Bu, milli həmrəyliyin və dövlətçilik şüurunun cəmiyyətin səfərbər olunmasında oynadığı rolun mühüm nümunəsi idi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun davamlılığı və dövlətin müəyyən etdiyi strateji məqsədlər 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbənin siyasi və tarixi kontekstində mühüm yer tutur.

Eyni zamanda, “Azərbaycançılıq” məfkurəsi milli maraqlara əsaslanan müstəqil siyasətin və qədim dövlətçilik ənənələrinin qorunub saxlanılmasının ideoloji ifadəsidir. Bu ideya milli kimliyimizi dövlət müstəqilliyi, suverenlik, ərazi bütövlüyü və multikultural dəyərlərlə əlaqələndirən bütöv bir düşüncə sistemidir”.

Ş. Həsənova diqqətə çatdırıb ki, oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər “Azərbaycançılıq” məfkurəsinin müasir dövrdə aktuallığını bir daha gündəmə gətirdi:
“Dövlətimizin başçısı milli ideyalar ətrafında birliyin vacibliyini vurğulayaraq bildirdi: “Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri Azərbaycançılıqdır”. Bu fikirlər “Azərbaycançılıq” ideyasının yalnız tarixi-siyasi irs kimi deyil, müasir dövlətçilik və cəmiyyət quruculuğu baxımından da aktual ideoloji prinsip olduğunu göstərir. Çünki müasir geosiyasi çağırışlar, ideoloji təhlükəsizlik məsələləri və qlobal transformasiyalar milli kimliyin qorunmasını, milli maraqların müdafiəsini və cəmiyyətin vahid məqsədlər ətrafında birliyini daha da aktuallaşdırır.

Düşünürəm ki, “Azərbaycançılıq” fəlsəfəsi, “Azərbaycançılıq” düşüncəsi və “Azərbaycançılıq” həyat tərzi cəmiyyətimizin ictimai-siyasi həyatının ayrılmaz tərkib hissəsi olmalıdır. “Azərbaycançılıq” yalnız mənsub olduğumuz milli kimliyin ifadəsi deyil, həm də gündəlik fəaliyyətimizdə rəhbər tutmalı olduğumuz dövlətçilik və vətəndaşlıq prinsiplərinin məcmusudur”. 

Həmsöhbətimiz əlavə edib ki, bu ideologiya dövlətə bağlılıq, milli məsuliyyət, qarşılıqlı hörmət, həmrəylik və ümumi gələcək naminə ortaq fəaliyyət anlayışlarını özündə birləşdirir:
“Məhz buna görə də müasir geosiyasi çağırışlar, ideoloji risklər və artan qlobal təhdidlər fonunda milli birliyimizi qorumaq və möhkəmləndirmək xüsusi əhəmiyyət kəsb edir. Azərbaycançılıq məfkurəsi bu baxımdan dövlət müstəqilliyimizin, milli maraqlarımızın, suverenliyimizin və milli həmrəyliyimizin qorunmasının əsas ideoloji dayaqlarından biri kimi çıxış edir. Çünki milləti birləşdirən yalnız ortaq keçmiş deyil, həm də ortaq gələcəyə sahib olmaq iradəsidir”.

Elmir Mustafa

0