Avtomobillərə yeni işıq rəngi gəlir: Məqsəd nədir?

AVTO
17:00 / 30.10.2026
258

ABŞ rəsmiləri avtonom sürüş rejimində (sürücüsüz) hərəkət edən robotaksilərin və rəqəmsal nəqliyyat vasitələrinin hərəkət iştirakçıları tərəfindən daha rahat fərqləndirilməsi üçün xüsusi firuzəyi rəngli işıq siqnallarının tətbiqini nəzərdə tutan yeni qanun layihəsi hazırlayıblar.

Hit.az xəbər verir ki, ABŞ-nin Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən işlənib hazırlanan bu qaydaya əsasən, avtonom idarəetmə sistemləri tam fəaliyyətə keçdikdə avtomobilin gövdəsi üzərində xüsusi firuzəyi rəngli sabit işıqlar yanacaq.

Hazırlanan yeni tənzimləmə avtomobil istehsalçılarına bu fərqləndirici lampaları quraşdırmağı birbaşa məcbur etmir, amma bu sistemdən istifadə etmək istəyən brendlər üçün firuzəyi rəngi vahid qlobal standart kimi təsbit edir. Yeni qaydalara əsasən, bu işıqlar qətiyyən sayrışan (yanıb-sönən) rejimdə ola bilməz. İşıq siqnalları yalnız insanın sürücülük prosesinə müdaxilə etmədiyi tam avtonom anlarda kəsintisiz şəkildə yanacaq.

Bildirilib ki, qanun layihəsi piyadaların, digər sürücülərin və yol polisinin avtomobilin hazırda insan, yoxsa süni intellekt tərəfindən idarə olunduğunu anında müəyyən etməsinə kömək edəcək.

Yenilənmiş federal aydınlatma standartları “Tesla Cybercab” kimi daxilində sükan çarxı və ya pedalları olmayan növbəti nəsil avtonom avtomobilləri də əhatə edir. Avtomobil istehsalçıları korpusun üzərində – yer səthindən ən azı 15 düym (təxminən 38 sm) hündürlükdə olmaqla – cəmi 4 ilə 8 ədəd arasında firuzəyi lampa yerləşdirə biləcəklər.

Qeyd edək ki, sözügedən innovativ ideya ilk dəfə “Mercedes-Benz” şirkətinin “Drive Pilot” avtonom sistemi çərçivəsində Kaliforniya və Nevada ştatlarında apardığı sınaqlardan ilhamlanaraq hazırlanıb. Rəsmi qəzetdə dərc edildikdən sonra 30 gün ərzində ictimai müzakirəyə açıq qalacaq bu layihə avtonom avtomobil istehsalçıları üçün artıq bürokratik maneələri aradan qaldırmağı hədəfləyir.

Pərviz

0