Məlum olduğu kimi, Bakıda məktəblərdən birində baş verən bədbəxt hadisənin araşdırılması üçün əraziyə yollanan REAL TV-nin çəkiliş heyəti gözlənilməz hücumla üzləşib.
Hadisə oktyabrın 28-də Yasamal rayonundakı 225 saylı tam orta məktəbdə qeydə alınıb. Məlumata görə, məktəbin 7-ci sinfində təhsil alan şagird dərs prosesi zamanı pəncərədən yıxılıb. Baş verənləri araşdırmaq, hadisənin təfərrüatlarını öyrənmək və ictimaiyyətə çatdırmaq məqsədilə məktəbə gedən televiziya əməkdaşlarının fəaliyyəti isə insidentlə nəticələnib.
Belə ki, məktəbin mühafizəçisinin təşəbbüsü və təkidi ilə bir neçə nəfər çəkiliş qrupunun üzərinə hücum edib. Nəticədə telekanalın operatoru və təcrübə keçən əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Zərərçəkən jurnalistlər dərhal polisə müraciət edərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər. Hüquq-mühafizə orqanları hadisəyə operativ reaksiya göstərib, jurnalistlərə qarşı qanunsuz hərəkətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
Hadisə bir daha jurnalistlərin peşə fəaliyyətini həyata keçirərkən üzləşdikləri maneələri və media nümayəndələrinə qarşı aqressiv münasibətin səbəblərini gündəmə gətirir.
Media eksperti Azər Həsrət Hit.az-a açıqlamasında bildirib ki, REAL TV əməkdaşlarına qarşı baş verən hücumu bütövlükdə cəmiyyətdə jurnalistlərə münasibətin göstəricisi kimi qiymətləndirmək doğru deyil:

“Konkret məkanda və konkret hadisə ilə bağlı baş verən zorakılıq qəbuledilməzdir və bu cür əməllərə qanun çərçivəsində hüquqi qiymət verilməlidir. Artıq hadisə ilə bağlı cinayət işi başlanılıb və dövlət müvafiq tədbirlər görür. Mən deməzdim ki, cəmiyyətdə bütövlükdə jurnalistlərə qarşı belə münasibət var. Bu, konkret bir məkanda, konkret məsələ ilə bağlı baş verən hadisədir. Zorakılıq qəbuledilməzdir və qanun çərçivəsində buna qarşı tədbirlər görüləcək. REAL TV-nin rəhbəri Mirşahinin də paylaşımından məlum olduğu kimi, həmin şəxslərə qarşı müvafiq maddələrlə cinayət işi başlanılıb”.
A.Həsrət qeyd edib ki, bu cür hadisələrin təkrarlanmaması üçün xüsusilə təhsil müəssisələrində media ilə iş qaydaları yenidən nəzərdən keçirilməli, məktəb rəhbərliyi və pedaqoji kollektivlər jurnalistlərlə ünsiyyət məsələsində maarifləndirilməlidir:
“Hazırda bir çox məktəbdə media ilə davranış qaydaları kifayət qədər aydın deyil və çəkiliş aparmaq, sualları cavablandırmaq üçün yuxarı qurumlardan icazə alınması tələbi operativliyə mane olur. Məktəblərin media ilə işi təkmilləşdirilməlidir. Hadisə baş verən kimi jurnalistlər operativ məlumat əldə etmək və çəkiliş aparmaq üçün əraziyə gedirlər. Əlbəttə, uşaqlarla və məktəblə bağlı çəkilişlərdə xüsusi nüanslar var və bunlara diqqət edilməlidir”.
Lakin həmsöhbətimiz vurğulayıb ki, çəkiliş aparan jurnalistlərə fiziki güc tətbiq etmək, onları döymək heç bir halda qəbul edilə bilməz:
“Məktəblərin və pedaqoji kollektivlərin media ilə işləmək bacarığı artırılmalı, onlara daha çevik və liberal davranmaq imkanı yaradılmalıdır. Yuxarı qurumlara müraciət edilməsi və cavab gözlənilməsi müəyyən vaxt tələb edir. Halbuki jurnalist fəaliyyətində operativlik mühüm amildir. Düşünürəm ki, məktəblərdə bu istiqamətdə iş aparılarsa, gələcəkdə belə mübahisə və münaqişələrin sayı ya xeyli azalar, ya da ümumiyyətlə baş verməz”.
Sevinc


