Noyabrın 1-də səhər saatlarında Nizami rayonu, Davud Aslan küçəsində baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən HİT.az-a verilən məlumatda bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, həmin obyektdə mühafizəçi vəzifəsində çalışan Heydər Sərdarov “APA Group”un əməkdaşına müxtəlif dərəcəli xəsarətlər yetirib, onun peşə fəaliyyətini həyata keçirməsinə mane olub.
Polis tərəfindən müvafiq tədbirlər görülüb, hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
11.57
Bakıda taxta bazarında baş verən güclü yanğını işıqlandıran APA TV-nin müxbiri Sənan Bəhrəmliyə hücum edilib.
HİT.az xəbər verir ki, hadisə oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında qeydə alınıb.
Məlumata görə, özünü mühafizəçi kimi təqdim edən şəxs jurnalistin peşə fəaliyyətinə mane olub, ona fiziki xəsarət yetirib, ağır ifadələrlə təhqir edib. Həmçinin APA TV-yə məxsus texniki avadanlığa zərər vurub. Sonradan hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.
Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsindən sonra həmin şəxs ərazidən uzaqlaşdırılıb. Polis Sənan Bəhrəmlidən ilkin ifadə alıb.
APA Group məsələ ilə bağlı yaydığı açıqlamada son günlər jurnalistlərin peşə fəaliyyətinə maneçilik törədilməsi hallarının artmasından narahatlığını bildirib. Qurum xatırladıb ki, bir neçə gün əvvəl REAL TV və Space TV-nin əməkdaşları da xidməti vəzifələrini yerinə yetirərkən oxşar hücumlarla üzləşiblər.
APA Group hüquq-mühafizə orqanlarını hadisəni hərtərəfli araşdırmağa, jurnalistə hücum edən şəxsin əməllərinə hüquqi qiymət verməyə və onun qanunvericiliyə uyğun cəzalandırılmasını təmin etməyə çağırıb.





