İspaniyada tapılan qızıl xəzinənin 60 il sonra üzə çıxan sirri

DÜNYA
14:36 / 02.11.2026
54

1963-cü ildə İspaniyanın Vilyena şəhəri yaxınlığında aşkarlanan qədim xəzinənin iki əşyası alimlərin diqqətini cəlb edib. Arxeoloqlar uzun illər mənşəyi müəyyənləşdirə bilmədikləri bu metal nümunələrin kosmosdan gələn materialdan hazırlandığını 60 il sonra aparılan araşdırmalar nəticəsində üzə çıxarıblar.

HİT.az xəbər verir ki, Vilyena xəzinəsi Avropanın ən əhəmiyyətli tarixəqədərki qızıl kolleksiyalarından biri hesab olunur. Muzeyin rəsmi məlumatına görə, kolleksiyada 66 əşya var. Onların əksəriyyəti qızıldan hazırlansa da, tapıntılar arasında gümüş, kəhrəba və dəmirdən olan nümunələr də mövcuddur.

Xəzinədəki iki tünd rəngli metal əşya isə tapıldığı vaxtdan bəri mütəxəssislərin marağına səbəb olub. 1963-cü ilə aid arxeoloji qeydlərdə onların oksidləşmiş xarici təbəqəsinin altında qurğuşuna bənzər ağır metalın olduğu bildirilirdi. Eramızdan əvvəl 1400–1200-cü illərə aid edilən əşyalardan biri iri qolbaq, digəri isə əvvəlcə nazik qızıl təbəqə ilə örtülmüş içiboş kürədir. Sonuncunun qılınc dəstəyinin və ya mərasim əsasının bəzəyi kimi istifadə edildiyi ehtimal olunur.

Metalın kosmos mənşəli olduğu necə müəyyənləşdirilib?

Aradan 60 il keçdikdən sonra muzeyin keçmiş bərpaçısı Salvador Rovira-Lyorens alimlər İqnasio Montero Ruiz və Martina Rensi ilə birlikdə əşyaların mənşəyini araşdırmağa başlayıb. Tədqiqatçılar hər iki nümunədən kiçik hissələr götürərək kütlə spektrometriyası üsulu ilə analiz aparıblar.

Araşdırma zamanı dəmirin yer mənşəli, yoxsa meteoritdən əldə edildiyini müəyyənləşdirməyə imkan verən kimyəvi göstəricilər yoxlanılıb. Məlum olub ki, meteorit dəmirində nikelin miqdarı yeraltı filizlərdən əldə edilən dəmirlə müqayisədə daha yüksək olur. Analiz nəticələri hər iki əşyanın dəmir-nikel ərintisindən hazırlandığını göstərib. Alimlər onların qədim meteoritdən əldə edilən dəmirdən hazırlandığı qənaətinə gəliblər.

Bununla belə, minilliklər ərzində baş verən güclü korroziya metalın xarici qatının kimyəvi tərkibini dəyişdirdiyindən nəticələr hələlik ilkin hesab olunur. Tapıntıların zədələnməməsi üçün gələcəkdə portativ rentgen avadanlığı da daxil olmaqla əlavə analizlərin aparılması planlaşdırılır.

Meteorit dəmiri qızıl qədər qiymətli olub

Əşyaların hazırlandığı dövrdə Qərbi Avropada yer filizindən dəmir əldə etmək texnologiyası hələ geniş yayılmamışdı. İnsanlar əsasən mis və tuncdan istifadə edirdilər. Buna görə də emal üçün yararlı dəmir nadir və qiymətli material sayılırdı. Göydən düşən meteoritlərdən əldə edilən dəmir isə qızıl və gümüş qədər dəyərli hesab olunurdu.

Bu dövrə aid meteorit dəmirindən hazırlanmış başqa nümunələrə Şərqi Aralıq dənizi bölgəsində də rast gəlinib. Onların ən məşhurlarından biri Misir fironu Tutanxamonun məzarı ilə birlikdə dəfn edilmiş mərasim xəncəridir.

Tədqiqatçılar Vilyena xəzinəsindəki əşyaların İspaniyaya Şərq bölgələrindən ticarət yolları vasitəsilə gətirilə biləcəyini ehtimal edirlər. Çünki indiyədək İspaniya ərazisində yaşayan qədim ustaların meteorit dəmirini müstəqil şəkildə emal etdiklərini təsdiqləyən sübutlar aşkarlanmayıb.

Əgər əlavə analizlər ilkin nəticələri təsdiqləsə, bu iki əşya Pireney yarımadasında tapılmış meteorit dəmirindən hazırlanmış ən qədim artefaktlar kimi tarixə düşə bilər.

Samir

0