ÖLKƏ
11:38 / 15.11.2022
405

Andranikə heykəl qoyulmasını önləyən, Brejnevlə məktublaşan azərbaycanlı...

Tarixçi-alim, maarifçi, Naxçıvan Ali Sovetinin deputatı Əli Əliyevin fevralın 27-də, martın 11-də və aprelin 16-da Andranikin regionun müsəlman əhalisinə qarşı törətdiyi terror və qətllər haqqında “Pravda”qəzetinə geniş məqalələr göndərib. Lakin qəzet məqalələri dərc etmədiyindən alim 1965-ci il mayın 8-də Andranikin əməlləri barədə Sov. İKP MK-nın birinci katibi Leonid Brejnevə müraciət etməli olub.

Teleqraf.com həmin hadisəni və xalqın vətənpərvər övladı Əli Əliyevin mövzuya dair cəsarətli fəaliyyətini oxuculara təqdim edir:

Əli Əliyev dəqiq tarixi sənədlər əsasında Andranikin Naxçıvan, Zəngəzur və Qarabağda törətdiyi bütün cinayətləri Brejnevə yazdığı məktublarında açıq göstərib.

O, sözügedən məktublarda açıq bildirirdi ki, Andronik Naxçıvan qəzasında qadın, uşaq və qocaları qılıncdan kecirib, qəzanın müsəlman əhalisini qan içində boğub. Yaycı kəndində qadın və uşaqları süngü ilə qətlə yetirib, onları diri-diri Araz çayına töküb, kəndi oda tutub.

Əli Əliyev Andronikin dəstəsinin Naxçıvanın Aza, Dizə, Kələntər, Camaldın, Qızılca, Kırna, Bənəniyar, Nehrəm, Çeşməbasar və digər kəndlərində törətdiyi vəhşiliklər haqqında dəqiq faktlar göstərir, onun Zəngəzurdakı talançılığı, hətta Qarabağda yerli erməni əhalisinin ona soyuq münasibət göstərməsindən maraqlı nümünələr gətirirdi. Əli Əliyev sonda yazır ki, cidanı (sivri dəmir ucluqlu, dəlici qədim silah, mizraq) çuvalda gizlətmək mümkün olmadığı kimi, Andranikin cinayətlərini də gizlətmək, ört-bastır etmək mümkün deyil. Tarixçi həm də sual edirdi ki, Sovet Ermənistanı belə bir cinayətkarı necə qəhraman, erməni xalqının milli azadlıq hərəkatının lideri etmək istəyir?

Cəsarətli addımlar Andranikin 100 illiyində atılır

Əli Əliyev öz xatirələrində yazır: “1965-ci il yanvar ayında Ermənistan Elmlər Akademiyası bədnam Andranikin anadan olmasının 100 illiyini təntənə ilə qeyd edirdi. Akademik Nersesyan geniş məruzə ilə çıxış etmişdi. Onun “məruzə”si bütün qəzetlərdə dərc olunmuşdu. “Kommunist”(İrəvanda nəşr edilən) qəzetində o əliqanlı quduzun at belində şəkli verilmişdi. Xalqımızın qəddar düşməni olan, adi insaniyyətdən uzaq, Naxçıvanda körpələri şişə taxdıran bu anti-bəşər vəhşinin yubileyinin keçirilməsi ilə əlaqədar alimlərimizin, tarixçilərimizin, ictimaiyyətimizin susması məni sözün əsl mənasında dəli eləmişdi. Azərbaycan Respublikasının yüksək vəzifəliləri tərəfindən də bu tarixi rəzalətə reaksiya verən tapılmadı. Əqidəcə mənə yaxın olan bir neçə nəfərin köməyi ilə Andranikin törətdiyi qeyri-insani cinayətlər, xəyanətlər barədə illərlə topladığım tarixi faktları rəsmi məktubla Azərbaycan KP MK-ya göndərdim. Sən demə məktubum oradan da Azərbaycan SSR Ali Sovetinə verilibmiş. Məni ora çagırdılar, getdim. Rəyasət Hayətinin katibi Zərifə Şükürova qeyzlə soruşdu: Bu nədir yazmısınız? Cavabımda bildirdim ki, sizə yazmamışam.

Məsələ aydın idi, bizimkilər qorxaqlığa yol vermişdilər. Oradan çıxandan sonra götür-qoy edib məktublarımın, giley-güzarımın istiqamətini Moskvaya yönəltdim...”.

Vəli Axundov Andranikin cinayətlərini araşdırmaq üçün hərəkətə keçir

Daha sonra Əli Əliyevin qaldırdığı məsələləri yoxlamaq üçün onun məktubları mayın 22-də Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutuna, Azərbaycan KP MK və Ermənistan KP MK-ya göndərilir. Vəli Axundovun tapşırığı ilə Azərbaycan KP MK-nın Marksizm-Leninizm İnstitutu təcili olaraq Azərbaycan arxivlərində, Zaqafqaziya mətbuatında Andranikin 1917-1920-ci illərdəki fəaliyyəti ilə bağlı sənədləri toplayıb institut direktorunun müavini Cəmil Quliyevin qoşma məktubu ilə Moskvaya göndərir. 84 səhifədən ibarət olan bu sənədlər Andranikin Naxçıvan, Zəngəzur, Qarabağ və İrəvanda törətdiyi qanlı əməllərinə tarixi ittihamı idi.

1917-1920-ci illərdə Andranikin Qarabag, Zəngəzur və Naxçıvanda törətdiyi qanlı əməlləri özündə əks etdirən bu sənədlər Azərbaycan, Ermənistan və Gürcüstan arxivlərindən toplanmışdı. Ermənistan KP MK-nın Elm və mədəniyyət şöbəsinin müdiri V. Avatesyan və Marksizm-Leninizm institutunun direktoru Satur Aqayan Andranik Ozanyan haqqnda hazırlayıb Moskvaya göndərdikləri arayışda onu Zaqafqaziyada xalqlar dostluqunun simvolu kimi təqdim edir və guya şəxsiyyətə pərəstiş dövründə unudulduğundan şikayətlənirdilər. Sonda onlar yazırdılar ki, Andranik əlbəttə, proletar mübarizi düşüncəsinə yüksələ bilmədi, lakin o, heç vaxt Sovet hakimiyyətinə qarşı mübarizə aparmayıb.

Sualları dəqiqləşdirmək Mixail Anderson və Şota Çivadzeyə tapşırılır

Məsələnin həlledici və maraqlı tərəfi Sov. İKP MK yanında Marksizm-Leninizm institutunun rəyi idi. İnstitut rəhbərliyi Əli Əliyevin məktubunda qoyulan məsələləri dəqiqləşdirməyi Sov. İKP tarixi şöbəsinin baş elmi işciləri Mixail Anderson və Şota Çivadzeyə tapşırmışdı. İyunun 14-də onlar tərəfindən hazırlanan rəy ermənilər üçün gözlənilməz oldu. Onlar yazırdılar ki, Birinci Dünya müharibəsinin sonlarında Andronikin komandanlıgı altında olan erməni dəstələri bir sıra Azərbaycan kəndlərini məhv ediblər və onların sakinləri isə qəddarcasına davranıblar. Bu faciəli hadisələrin hərbi zərurətdən və ya milli əhval-ruhiyyədən irəli gəldiyini ayırd etmək çətindir. Lakin fakt faktlıqında qalır ki, qırğın və zorakılıq halları olub və azərbaycanlılar Androniki bunun baiskarı hesab edirlər. Mixail Anderson və Şota Çivadze sözügedən rəydə yazırdı: "Ona görə də təəccüblü deyildi ki, Andranikin hədsiz təriflənməsi azərbaycanlılar arasında dərin hiddət və etiraz doğurur". Andranikin 1965-ci ilin fevral ayında tamam olan 100 illiyi haqqında qərar qəbul edərkən bunu hökmən nəzərə və göz önünə almalı idilər”.

Onlar sonda qeyd etdilər ki, partiya və sovet orqanlarında çıxan məqalələrdə Andraniki tərifləmək, onu milli qəhrəman hesab etmək səhvdir. M. Andefson və Ş. Çivadze tərəfindən hazırlanmış rəy iyunun 14-də institutun elmi katibi M.İskrov tərəfindən Sov. İKP MK-ya göndərilir. Onların bu rəyi və respublikalardan müvafiq arayışları aldıqdan sonra Sov. İKP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri V. Stepakov və həmin şöbənin bölmə müdiri T. Kuprikov iyunun 25-də Sovet partiya və hökümət rəhbərliyinə hesabat hazırlayıb. Onlar qeyd edirlər ki, tarix elmlər namizədi Əli Əliyev Andraniki millətçi şovinist, Azərbaycanın dinc əhalisini məhv edən islaholmaz düşmən adlandırır, Ermənistan KP MK-nın elm və mədəniyyət şöbəsinin müdiri Avetisyan və Marksizm-Leninizm institutunun İrəvan filialının direktoru Aqayan isə birgə imzaladıqları arayışda onu “erməni xalqının türklərə qarşı milli azadlıq hərəkatının əsl qəhrəmanı” hesab edirlər.

İrəvanda Andranikə abidə qoymaq niyyəti baş tutmur

Sov. İKP MK yanında Marksizm-Leninizm institutunun Əli Əliyevin məktubuna verdiyi rəydə qeyd edilir ki, Andranikin bioqrafiyası mürəkkəb və çox məqamda ziddiyyətlidir. 1918-ci ildə türklərə qarşı döyüşlərin gedişində onun komandası altında olan erməni hərbi dəstələrinin bir sıra Azərbaycan kəndlərini məhv etməsini, həmin kəndlərin əhalisi ilə qəddarcasına rəftar etməsini nəzərə almamaq olmaz. İndi bir çox azərbaycanlı üçün Andranikin adı hər şeydən əvvəl bilavasitə bu qəddarlıqla bağlıdır.

Hasabatın sonunda təklif olunur ki, Sov. İKP MK yanında Marksizm-Leninizm institutunun Ermənistan və Azərbaycan filialarına tapşırılsın ki, Marksizm-Leninizm institutu ilə birlikdə Andranikin fəaliyətini obyektiv qiymətləndirən məqalə hazırlayıb onu Ermənistan KP MK-nın “Laniniyan uqiov”, Azərbaycan KP MK-nın “Azərbaycan kommunisti” jurnalında dərc etsinlər.

Şöbənin rəyi 1965-ci il iyunun 10-da Ermənistan KP MK- nın birinci katibi Zorabyana və Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Vəzirova, Sov. İKP MK yanında Marksizm-Leninizm institutunun elmi katibi M. İskrova, habelə Əli Əliyevə göndərilir. Məsələnin belə həlli Azərbaycan tərəfini təmin etməsə də, 1965-ci ildə ermənilərin Andranik Ozanyanı milli qəhrəman hesab etməsi və ona heykəl ucaltma planı baş tutmur.

Moskvaya yazdığı məktubların taleyi ilə bağlı tarixçi Əli Əliyev sonralar yazırdı: “Bir gün məni Vilayət Partiya Komitəsinin birinci katibi Hacıağa İbrahimovun kabinetinə çağırdılar. Nə məqsədlə çağırıldığımı təxminən də olsa, öz-özlüyümdə yəqin etmişdim. Birinci katibin kabinetində Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Teymur Əliyevi görəndə, doğrusu, heyrətləndim. Təəccübüm bir daha ona görə artdı ki, məni son dərəcə “səmimi” qarşıladılar. Onlar hətta yerlərindən duraraq mənə tərəf gəldilər, əl tutub, hal-əhvalımı soruşdular. Söhbət əsnasında əxz etdim ki, mənə göstərilən bu “lütfkarlıq” Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovdan irəli gəlir.

Hal-əhvaldan sonra Teymur Əliyev mətləbə keçdi: “Əli müəlim, Moskvaya göndərdiyiniz bütün məktublar Vəli Axundov yoldaşdadır. O sizin bütün tezislərlinizi qəbul edir, tərafdar olduğunu bildirir, amma məsləhət bilir ki, daha Moskvaya yazmayasınız...”

0