ÖLKƏ
13:01 / 20.11.2022
450

Cümhuriyyətin bayrağını Bakıya gətirdi - “Əsir düşdüm, it damında yaşadım”

II Dünya müharibəsi başa çatdıqdan sonra almanlara əsir düşən azərbaycanlılar talenin ümidinə qaldılar. Bəzilərini qalib dövlətlər vətəndaşları olduqları SSRİ-yə təhvil verdilər, bəziləri intihar etdi, bəziləri isə müxtəlif ölkələrə səpələndilər. Onların bir çoxu İsveçrədə, Türkiyədə, İtaliyada, Almaniyada, Amerikada yaşadılar, Vətən həsrətinə dözməyib geri qayıdanlar da oldu.

Bu yazıda onlardan biri haqqında bəhs edəcəyik: Gülmirzə Bağır.

Arolsen arxivindəki 1949-cu ilə aid sənədlərə görə Gülmirzə Bağır 1907-ci il yanvar ayının 5-də Bakıda doğulub. Krımda – Feodosiyada əsir düşüb. Evlidir, İslam dininə mənsubdur. Müharibədən sonra D.P. düşərgəsində yaşayıb. Atasının adı Mustafa, anasının adı Səriyyə olub. Dülgərdir. Rus, türk, alman dillərini bilir.

Münxendə yaşayan Gülmirzə Bağır 35 il sonra türk həyat yoldaşı Möhtərəm xanımla birgə Azərbaycana qayıdıb, doğulduğu Maştağa qəsəbəsində yaşayıb.

Burada qeyd edək ki, müharibədən sonra geri qayıdan və ya təhvil verilən azərbaycanlılar ya həbs edilib, ya da güllələnib. Amma Stalinin vəfatından sonrakı yumşalma dövründə Azərbaycana qayıdanlar rahat şəkildə həyatlarını yaşayıblar. Azərbaycan legionunda xidmət edənlər arasında da 20-30 il sonra ölkəyə qayıdanlar olub. Bu baxımdan Gülmirzə Bağırın dönüşü qəsəbədə böyük maraq yaradıb. Eləcə də Azərbaycan mətbuatı ona diqqət göstərib.

Azərbaycan Dostluq Cəmiyyətinin Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqə Şöbəsinin mətbu orqanı olan “Vətənin səsi” qəzetinin 1978-ci il tarixli 211-ci (iyun) sayında Gülmirzə Bağırdan müsahibə alınıb. “35 il qürbətdə olduqdan sonra” başlıqlı bir səhifəlik yazıda həm Gülmirzə bəyin fikirlərinə yer verilib, həm də jurnalist İsmayıl Kərimov öz düşüncələrini qələmə alıb. Yazıda ailənin gündəlik həyatı ilə bağlı üç fotoşəkil də verilib. Yazı bu cümlələrlə başlayıb: “Maştağa qəsəbəsinin səfalı guşəsində pəncərələri günəşə açılan kürsülü bir ev uzaqdan diqqəti cəlb edir. Evin ətrafı ağ daşdan səliqə ilə hasara alınıb. İri darvazadan içəri adlasanız, hasar boyunca əkilmiş gül-çiçəkləri, hələlik qol-budaq atmamış nar, gavalı ağaclarını görəcəksiniz. Evin arxasında, güntutan yerdə kiçik ləklərdə xiyar, pomidor, göyərti əkilib. Geniş həyətin ortasındakı krandan gecə-gündüz su əskik olmur. Gülmirzə Bağır və Möhtərəm xanım bir ildən çoxdur ki, bu evdə yaşayırlar, həyətdə yaxşı səliqə-sahman yaradıblar. Pəncərələrə zövqlə rəng çəkib, həyətdə iri çarhovuz düzəldiblər”.

“Yastığım quru daş, döşəyim nəm torpaq olub”

Yazıdan öyrənirik ki, Gülmirzə Bağır Bakıya qayıtdıqdan sonra yaxınlıqdakı dördmərtəbəli məktəb binasının həyətində bağban olaraq çalışıb. 1941-ci ilin yayında Maştağada yaşayan Bağırovlar ailəsindən beş qardaş cəbhəyə yollanıb. Qardaşlardan dördü müharibədə həlak olublar. Ardınca Gülmirzə Bağırın da qara xəbəri gəlib. Davamını məqalədən oxuyaq: “1942-ci ilin mayında Krım cəbhəsində döyüşlər daha da şiddətləndi... Kerçdə çətin döyüşlərin birində Gülmirzə ağır yaralandı, əsir düşdü. Faşistlər Sovet əsirlərini əvvəlcə Novorossiyskə gətirdilər, sonra vaqonlara doldurub Ukraynanın Vinnitsa şəhərinə apardılar. Buradan isə ayağı yer tutanları döyə-döyə, söyə-söyə piyada naməlum səmtə doğru qovmağa başladılar. Sonradan məlum oldu ki, onları Rumıniya torpağından keçirib Avstriyadakı hərbi düşərgələrə aparırlar. Yeriyə bilməyənləri arxadan tüfəngin qundağı, süngü ilə itələyir, əldən düşmüşləri isə güllələyib öldürürdülər”.

Gülmirzə Bağır başına gələnlərin ardını bu şəkildə danışıb: “Bu minvalla bizi Vyanaya gətirib çıxardılar. Bir müddət burada hərbi düşərgədə qaldıq. Sonra bizi dəstələrə bölüb yenə vaqonlara doldurdular. Mənim getdiyim qatar Hamburqa gəlib çıxdı. Aramızdan nisbətən güclüləri seçib kölə kimi yerli sahibkarlara satmağa başladılar. Mən bir fermerin bağında işləməyə məcbur oldum. Bağ belləyirdim, o qədər işləyirdim ki, gecələr qollarımın ağrısından, belimin sızıltısından yata bilmirdim. Başım çox bəlalar çəkib, it damında da yatmışam, mal tövləsində də. Yastığım quru daş, döşəyim nəm torpaq olub”.

Gülmirzə Bağır Sovet qoşunlarının Almaniya üzərində qələbəsini Hamburqda eşidib, lakin geri qayıtmaqdan çəkinib: “Gözümüzün odunu elə almışdılar, “satqınsınız, Vətənə getsəniz sizi güllələyəcəklər” deyə elə qorxutmuşdular ki, nə edəcəyimizi bilmirdik. Şəxsən mən qorxurdum ki, Vətənə gəlsəm, mənə xalqımın düşməni kimi baxarlar, lənətləyərlər. Odur ki, çırpınırdım, nə edəcəyimi, taleyimin necə olacağını bilmirdim”.

Gülmirzə Bağır haqlı idi. Çünki Stalinin “Əsir düşmüş qırmızı ordu əsgərlərini bütün yerüstü və hava vasitələri ilə məhv etmək” haqqında 16 avqust 1941-ci il tarixli 270 №-li əmri vardı. Bu əmr icra edilirdi...

Ona görə də Gülmirzə Bağır geri qayıtmayıb, Hamburq, Hannover, Mittenvald, Egenfeld, Münxen kimi şəhərlərdə yaşadıqdan sonra Türkiyəyə gedib. Türkiyədə Möhtərəm xanımla tanış olub, evlənib. Bir müddət Türkiyədə yaşadıqdan sonra yenidən Münxenə qayıdıb.

Azərbaycana dönüş

Gülmirzə Bağırın həyat yoldaşı Möhtərəm xanım jurnalistə Azərbaycana qayıtmaları ilə bağlı bunları bildirib: “Günlərin birində çox götür-qoy etdik, belə qərara gəldik ki, Gülmirzə Vətənə, qohum-əqrəbalarına məktub yazsın. O, qorxu-hürkünü bir yana qoyub əlinə qələm aldı. Məktubun cavabını çox gözləməli olmadı. Bir gün səhər poçtalyon ona xoş xəbər gətirdi. Gülmirzənin anası cavab məktubu göndərmişdi. Yazırdı ki, gözləri yollarda qalmaqdan az qala kor olub. Qoca ananın ömrünü daha da qısaltmaq istəmirsənsə, Vətənə gəl, axırıncı dəfə boyuna-buxununa baxım”.

1972-ci ildə Gülmirzə bəy Möhtərəm xanımla birgə Azərbaycana gəlib. Qohumları onu xoş qarşılayıblar, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində şərəfinə ziyafət verilib. Doğulduğu Bakı şəhərini doyunca gəzib. 1974-cü ildə turist kimi ikinci dəfə Azərbaycana gəlib. Nəhayət, 1977-ci ildə Möhtərəm xanımla birgə həmişəlik Vətənə qayıdıb.

“Vətənin səsi” qəzetinin müxbiri Gülmirzə Bağırın qayıdışı ilə yanaşı o illərdə Avropada SSRİ-yə qarşı mübarizə aparan müharibə əsirlərinin də adlarını çəkib, onları xain elan edib: Süleyman Təkinər, Məcid Musayev, İsmayıl Əkbər.

Qeyd edək ki, bu şəxslərin bəziləri Azərbaycan yenidən müstəqil olana qədər Avropada yaşayıblar. Süleyman Təkinər Rəsulzadənin ən yaxın silahdaşı olub, onunla xeyli məktublaşıb, 1980-ci illərin sonunda Azərbaycana qayıdıb. Bu məktublaşmalar kitab şəklində də çap olunub. Məcid Musayev (Qarsalani) legionun “Azərbaycan” qəzetinin redaktoru olub. İsmayıl Əkbər isə Əbdürrəhman Fətəlibəylinin ən yaxın silahdaşı idi, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının baş redaktoru olub. İstanbulda vəfat edib.

Yazının bu hissəsində Gülmirzə Bağır Qərb dövlətlərini tənqid edib, Sovet İttifaqında insan hüquqlarının toxunulmazlığından danışıb.

Zamanın tələbi...

Möhtərəm xanım Bakıdakı həyatları ilə bağlı maraqlı bir xatirə də danışıb: “Bir həftə idi ki, Vətənə köçmüşdük. Bir gün tezdən Gülmirzə kişi ayağa qalxıb dedi: “Arvad, geyin, səninlə şəhərə gedəcəyik”. Təəccübləndim. Dedim ki, Bakıya yaxşı bələd deyilsən, aza bilərik. Qoy gedim qardaşın oğlanlarından birini çağırım. Gülmirzə etiraz edib dedi ki, “yox, ikimiz gedəcəyik”. Elektrik qatarına minib Sabunçu vağzalında düşdük. Gülmirzə öz mətləbini burada mənə açdı. Sən demə o, müharibədən qabaq 3 nömrəli tramvayda bələdçi işləyirmiş. Həmin tramvay Sabunçu vağzalından yola düşüb şəhəri dolanırmış. İndi vaxtilə həmin tramvayın keçdiyi küçələri görmək fikrindədir. Sabunçu vağzalından geniş küçə ilə irəliləməyə başladıq. “Beşmərtəbə” deyilən yerdə Gülmirzə ayaq saxlayıb dedi: “Möhtərəm, burdan o tərəfə gedə bilməyəcəyik. Gör bu yerlər necə də dəyişib, tanınmaz olub! Yaxşısı budur geri qayıdaq, yoxsa azarıq!”.

Gülmirzə Bağır 35 il sonra dəyişən Bakını bu şəkildə təsvir edib: “Düzü, Azərbaycanı, Bakını belə təsəvvür edə bilməzdim. Bakı, Abşeron kəndləri, qəsəbələr simasını tamam dəyişdirib. Azərbaycana köçdükdən sonra bir neçə gün şəhərin geniş bağlarını, xiyabanlarını doyunca gəzdim. Muzeylərə, teatrlara heyran-heyran baxdım. Məktəb və xəstəxana binaları, mədəniyyət sarayları, istirahət evləri, hansını deyəsən?! Heç uzağa getməyək, elə bizim Maştağanı göstərək. Mən cəbhəyə getməmişdən qabaq atı, uzunqulağı olan həyətlər, ailələr barmaqla sayılardı. İndi isə hansı həyətə baxırsan, yaraşıqlı minik avtomobillərini görürsən.

Qəsəbədə asfalt küçələr çəkilib, yaşıllıqlar salınıb. Hər evin damında televizor antenaları ucalır. Küçələrdə su arxları çəkilib. Hamı qaz yanacağından istifadə edir. Bir sözlə, xalqımız firavan həyat sürür, hamının güzəranı xoş keçir. Bizim üçün burada hər cür şərait yaradılıb. Təzə ev tikdirmişik, həyətə su çəkdirmişik, qoyun-quzu, toyuq-cücə saxlayırıq. Güzəranımızdan çox razıyıq, heç nədən ehtiyacımız yoxdur. 66 yaşım var, amma elə bil bir il bundan qabaq həyata gəlmişəm. Həyatın ləzzətini indi duymağa başlamışam. Sevinirəm ki, qohum-əqrəbamın, dostlarımın arasındayam, xeyirxah, mehriban insanlarla bir yerdə ömür sürürəm”.

1978-ci ildə artıq SSRİ-də keçmiş mühacirlərə, müharibədə əsir düşənlərə münasibətdə yumşalma var idi. Mühacirlərin övladları Azərbaycanı ziyarətə gələ, Vətəndəki qohumları onların yanına gedə bilirdi. Hətta Müsavatın qurucularından Məhəmmədəli Rəsulzadənin oğlu Aydın 50 ildən sonra İstanbula gedərək atasını görmüşdü. Təbii ki, nəzarət var idi. Amma artıq gəliş-gediş də mümkündü. Bunlara baxmayaraq Gülmirzə kişinin jurnalistdən gizlətdiyi bir məsələ də vardı. Onu isə Azərbaycan müstəqil olduqdan sonra açıqladı...

Cümhuriyyətin bayrağı

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində nadir bir bayraq sərgilənir. Bu bayrağı muzeyə 2003-cü ildə Müsavat partiyasının sədri İsa Qəmbər bağışlayıb. 109x149 sm ölçüdə olan bayraq əl ilə ipəkdən tikilib. Deyilənə görə onu Məhəmmədəmin Rəsulzadə 1952-ci ildə 28 may ərəfəsində həyat yoldaşı ilə birlikdə hazırlayıb.

Bayrağı 1998-ci ildə İsa Qəmbərə verən isə Gülmirzə Bağır olub. İsa Qəmbər “Azadlıq Radiosu”na müsahibəsində bu hadisə ilə bağlı bunları danışıb: “Deyirdilər ki, 1952-ci ildə, Almaniyada bir tədbirdə Rəsulzadə zala müraciətlə soruşub ki, “mən Vətənə, Azərbaycana üçrəngli müqəddəs bayrağımızı göndərmək istəyirəm. Bunu kim çatdıra bilər?” Orada da Gülmirzə bəyi təqdim ediblər. Gülmirzə bəy də bayrağı qəbul edib Azərbaycana çatdırmağı öhdəsinə götürüb. Həyat yoldaşı Möhtərəm xanımın dediyinə görə, bayrağı üçrəngli parçalardan Məhəmmədəmin bəy şəxsən özü kəsib, xanımı da tikib. Sonra da bayrağı Gülmirzə bəyə təhvil veriblər”.

İsa Qəmbərin sözlərinə görə, Gülmirzə bəylə Möhtərəm xanım bayrağı evlərində saxlayıblar, yaxın adamlarına göstəriblər, 1990-cı ildə yanvar faciəsindən sonra evlərinin damına qaldırıb oradan asıblar. Bayraq bir müddət Müsavatın qərargahında qalandan sonra muzeyə verilib.

Radiodakı məlumata görə, Gülmirzə kişi ilə Möhtərəm xanımın övladı olmayıb. Cəld, çevik olduğundan hamı ona “ovçu” Gülmirzə deyib. O, Rəsulzadənin verdiyi bayrağı Müsavat partiyasının sədri İsa Qəmbərə vəfatından bir neçə ay əvvəl çatdırıb. Bu barədə AzadlıqRadiosu-na Gülmirzə kişinin yaxın qohumu Hacı Zakir İbrahim oğlu danışıb: “Gülmirzə kişi o bayrağı heç kimə vermirdi. Lap yaşlı vaxtında Müsavat partiyasına təhvil verdik. Danışırdı ki, o bayrağın ulduzunu, ayını Rəsulzadə kəsib, qadınlar da tikib. Gülmirzə kişinin xaricdə olanda o bayrağın altında şəkli də var. Gülmirzə kişi müharibədə yaralanıbmış, əsir götürülübmüş. Elə olub ki, müharibədən sonra da orada yaşayıb. Almaniyada Rəsulzadə ilə görüşüb. Sonra həyat yoldaşı ilə 70-ci illərdə bura gəldi. Hamımız ona kömək olduq, ev-eşik tikdik, burda yaşadı. Çox igid adam idi. Kəndin yaşlıları bilir, 1973, ya da 1974-cü ildə Gülmirzə kişi kənd sovetinin binasının damına çıxıb. Sovet bayrağını çıxardıb. Yerinə həmin bu üçrəngli bayrağı sancıb. Onda kənddə böyük qarışıqlıq olmuşdu. Ancaq xaricdən gəldiyinə görə, ona dəymədilər. O bayraq yarım gün kənd sovetinin binasının üstündə qalmışdı. Deyirdi ki, bizim milli bayrağımız budur. Bayrağı həmişə özündə saxlayırdı. Deyirdi ki, heç kimə vermərəm. Axır vaxtlarda dedi ki, sənin əlinlə Müsavat partiyasına vermək istəyirəm, verdi də”.

Beləliklə, tramvayda bələdçi işləyən sadə bir Maştağa sakininin taleyinə müharibədə əsir düşmək, Rəsulzadəni görmək, ondan əmanət aldığı bayrağı Azərbaycana gətirmək yazılıbmış...

0