YAP-ın Qadınlar Şurası niyə ləğv edildi? - Yeni struktur yaradılarsa...

ÖLKƏ
12:31 / 12.03.2021
1377

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının ləğvi müvəqqəti xarakter daşımır. 

HİT.Az-ın YAP-dakı mənbələrdən əldə etdiyi məlumata görə, qurumun bazasında hər hansı yeni strukturun yaradılması nəzərdə tutulmur. Lakin bununla bağlı məlumatlar yayılır. Məlumatlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın və ya Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın yeni yaradılacaq Qadınlar Şurasına sədr təyin ediləcəyi iddia olunur. Ancaq hakim partiyadakı mənbələr bu məlumatların əssassız olduğunu bildirir. 

Bahar Muradova hazırda YAP-ın qurultayından sonra İdarə Heyətinin üzvü seçilib. Nurlana Əliyeva isə partiyanın heç bir rəhbər strukturunda təmsil olunmur.

Məlumatlarda həmçinin qeyd edilir ki, qurultaydan sonra partiyanın idarə olunmasında əsas üstünlük İdarə Heyətinə və Mərkəzi Nəzarət Təftiş Komissiyasına keçib. Siyasi Şuranın və digər alt qurumların ləğvi xüsusilə İdarə Heyətinin səlahiyyətlərinin artmasına səbəb olub. 

Yeni yaradılan Veteranlar Şurası isə, sadəcə müşahidəçi statusundadır. Daha doğrusu, bu quruma partiyanın idarə olunmasından kənarlaşdırılan YAP-çılar toplanıb. Onların keçmiş xidmətləri nəzərə alınaraq partiyadan çıxarılmaları məqsədəuyğun hesab edilməyib. 

YAP-dakı mənbələr qeyd edir ki, partiyanın rəhbər strukturlarında qadınların da sayı az deyil. Bu baxımdan, ayrıca Qadınlar Şurasına ehtiyac görülməyib.

VÜQAR

0