Bu gecə Çempionlar Liqasının ikinci finalçısı bəlli olacaq.
Gecə saat 23:00-da “Bavariya” öz meydanında PSJ ilə qarşılaşacaq. İlk oyunda olduğu kimi yenə də nəfəs kəsəcək bir matç olacağı proqnozlaşdırılır. Parisdə keçirilən ilk matç 5-4 hesablı PSJ qələbəsi ilə bitib. Bu matçı qazanan finalda “Arsenal” ilə oynayacaq.
Bəs oyundan əsas gözləntilər nələrdir?
Mövzu ilə bağlı futbol eksperti Aslan Kərimov Hit.az-a açıqlamasında bildirib ki, yenə də maraqlı matç olacaq:
“Məncə, PSJ-nin müdafiə xətti daha balanslıdır. “Bavariya”nın isə oyun qurma və topa sahib olma tərəfi güclüdür. Ona görə də PSJ-nin o balanslı müdafiəsini yarmağı bacardılar. Cavab oyundan isə hər bir nəticə gözləmək mümkündür. Lakin ilk oyunda olduğu kimi PSJ-nin potensialı daha yüksək göstərilir. Çünki hücumda həqiqətən də fərq yarada bilən futbolçuları var. Üstəlik, ikinci oyunda “Bavariya”nın bu oyunçuların qarşısını tam olaraq kəsə biləcəyini düşünmürəm. Onların öhdəsindən gəlmək çox çətin olacaq”.
Onun proqnozuna görə, revanş matçında 5-4 kimi böyük hesab olacağı gözlənilmir:
“Bəlkə də ilk oyunda olduğu kimi böyük hesab olmayacaq. Nəzərə almaq lazımdır ki, hər iki komanda daha ehtiyatlı oynaya bilər. Lakin təbii ki, bunun əksi də mümkündür. Məncə, həm “Bavariya” həm də PSJ ilk matçda müdafiədə buraxdıqları səhvlərlə bağlı götür-qoy etmək məcburiyyətindədirlər. Çünki doqquz 9 olub, biri 5 buraxıb, digəri isə 4 qol buraxıb. Yəni bu onları fikirləşməyə vadar eləyəcək. Ən azından növbəti oyunda bu cür səhvləri buraxmalı deyillər. Ona görə cavab oyununun birinci oyuna nisbətən daha az qollu olacağını düşünürəm”.
Elmir Mustafa



