Xaricilərlə evlənənlərin sayı artır, çünki...

SOSİAL
12:12 / 04.05.2026
91

Son illərdə azərbaycanlılarım xarici ölkə vətəndaşları ilə qurduğu ailələrin sayı nəzərəçarpacaq dərəcədə yüksəlib. 

Rəsmi statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. Belə ki, 2025-ci il ərzində ölkədə ümumilikdə 48 mindən çox nikah qeydə alınıb. Bu evliliklərin bir hissəsi beynəlxalq xarakter daşıyır: yüzlərlə Azərbaycan qadını xarici vətəndaşlarla ailə qurduğu kimi, Azərbaycan kişiləri arasında da xarici xanımlarla nikah bağlayanların sayı minə yaxınlaşıb.

Bəs bu tendensiyanın arxasında duran əsas motivlər hansılardır və bu cür evliliklər cəmiyyətə hansı təsirləri göstərir?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, son dövrlərdə azərbaycanlıların xarici vətəndaşlarla ailə qurması artıq daha tez-tez rast gəlinən sosial hadisəyə çevrilib:

“Bu meyl əvvəlki illərlə müqayisədə xeyli güclənib və cəmiyyətin həyat tərzində baş verən dəyişikliklərlə sıx bağlıdır. Bir vaxtlar belə evliliklər əsasən kişilər arasında yayılmışdı. Xaricdə oxuyan, işləyən və ya uzun müddət başqa ölkələrdə yaşayan azərbaycanlı kişilər həmin mühitdə tanış olduqları xanımlarla ailə həyatı qururdular. İndi isə bu proses təkcə kişilərlə məhdudlaşmır, artıq azərbaycanlı qadınların da fərqli ölkələrin və mədəniyyətlərin nümayəndələri ilə evlənməsi adi hal almağa başlayıb”.

Onun sözlərinə görə, bu tendensiyanın genişlənməsi təsadüfi deyil:

“Müasir dünyada insanların hərəkət imkanları artıb, ölkələrarası əlaqələr güclənib. Səyahət, təhsil və iş imkanları insanları müxtəlif coğrafiyalara aparır, fərqli mədəniyyətlər arasında körpü yaradır. Nəticədə, insanlar öz həyat yoldaşlarını artıq yalnız yaşadıqları mühitdə deyil, dünyanın müxtəlif yerlərində tapa bilirlər”.

Günel Cəlilova

0