May ayında niyə toy keçirilmir?

SOSİAL
13:45 / 05.05.2026
111

Yazın ilk ayları ilə birlikdə toy mövsümü də canlanır.

Aprelin sonuna qədər şadlıq evləri dolu olur, ard-arda keçirilən mərasimlər adi hala çevrilir. Lakin maraqlıdır ki, may ayı gələn kimi sanki bu ənənə birdən dayanır. Bir çox ailə məhz bu ayda toy etməyə tərəddüd edir. 

Belə olan halda sual yaranır: may ayı ilə bağlı bu çəkingənlik haradan qaynaqlanır? 

May ayı ilə bağlı “toy edilməz” düşüncəsi bir çoxlarının yaddaşında kök salmış köhnə inanclardan biridir. Bu fikir ilk baxışda səbəbsiz görünməsə də, əslində onun arxasında daha çox keçmiş dövrlərin yaşam tərzi dayanır. Digər tərəfdən, məişət baxımından may ayı heç də əlverişli sayılmırdı. 
Qış üçün toplanmış ehtiyatlar tükənir, yeni məhsul isə hələ yetişmirdi. Bu səbəbdən böyük məclislər keçirmək həm çətin, həm də riskli hesab olunurdu.

Bununla yanaşı, may ayının yağıntılı keçməsi də bu düşüncəni gücləndirən amillərdən biri olub. Yağışlı hava “təbiətin hüznlü halı” kimi qəbul edilir, belə bir vaxtda şənlik etməyin uyğun olmadığı düşünülürdü.

Lakin müasir dövrdə bu səbəblərin heç biri əvvəlki kimi aktual deyil. Nə ərzaq çatışmazlığı var, nə də hava şəraiti toy planlarına ciddi maneə yaradır. Üstəlik, bu ayda ailə quran insanların həyatında xüsusi bir uğursuzluğun müşahidə olunmaması da göstərir ki, bu yanaşma daha çox psixoloji və ənənəvi xarakter daşıyır.

Dini baxımdan da ilin hər hansı bir ayının uğursuz sayılması ilə bağlı konkret göstəriş yoxdur. İnsanlar öz xoş günlərini istədikləri vaxt qeyd etməkdə sərbəstdirlər. Bu baxımdan, may ayı ilə bağlı formalaşmış bu fikir daha çox keçmişdən qalan bir stereotip kimi qiymətləndirilə bilər.

Günel Cəlilova

0