Restoranların 1 saat QADAĞASI

İQTİSADİYYAT
11:15 / 06.05.2026
108

Son dövrlərdə bəzi restoranlarda maraqlı və bir qədər də mübahisəli bir qaydanın tətbiqinə başlanıldığı bildirilir. 

Belə ki, müştərilərə ayrılan masa üçün müəyyən vaxt məhdudiyyəti qoyulur və bu müddət, adətən, 1 saatla məhdudlaşdırılır. Vaxt tamam olduqdan sonra isə qonaqlardan masanı boşaltmaları xahiş edilir.

Bu yanaşma bir tərəfdən restoran sahibləri tərəfindən müştəri axınının tənzimlənməsi, xüsusilə də sıx saatlarda daha çox insana xidmət göstərmək məqsədi ilə izah olunur. Digər tərəfdən isə bəzi müştərilər bunu narahatlıq yaradan hal kimi qiymətləndirir. Onların fikrincə, restorana gəlmək yalnız yemək yemək deyil, eyni zamanda rahat vaxt keçirmək, ünsiyyət qurmaq və istirahət etmək deməkdir. 

Ümumiyyətlə, yeni qayda nə dərəcədə doğrudur? 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, restoran biznesində hazırda tələb təklifi üstələyir:

398501

“Bu isə bəzi hallarda keyfiyyətsiz xidmətin ortaya çıxmasına səbəb olur. Nəticədə, restoranlarda yer tapmaq çətinləşir və müxtəlif məhdudiyyətlər tətbiq edilir. Qanunvericilikdə bu cür halların açıq şəkildə qadağan olunmaması sahibkarlara müəyyən sərbəstlik verir və onlar da mövcud vəziyyətdən istifadə edirlər”.

Ekspert qeyd edib ki, restoranlarda vaxt məhdudiyyətinin tətbiqi istehlakçıların haqlı narazılığına səbəb olur:

“Bununla belə, qarşı tərəfin biznes qurumu olduğunu da nəzərə almaq lazımdır. Praktikada bəzən daha problemli hallara da rast gəlinir. Müştərilərin xarici görünüşünə görə içəri buraxılmaması və ya müəyyən şərtlərlə qəbul edilməsi kimi hallar müşahidə olunur. Hesab edirəm ki, bu kimi məsələlər nəzarətsiz qalmamalı, müvafiq qurumlar, xüsusilə Nazirlər Kabineti tərəfindən tənzimlənməlidir”.

Günel Cəlilova

0