İnstaqramdan saxta hesab ƏMƏLİYYATI

TEXNO
15:21 / 08.05.2026
125

İnstaqramda aparılan genişmiqyaslı yenilənmə nəticəsində platformada ciddi dəyişikliklər qeydə alınıb. 

Son günlər bir çox istifadəçi izləyici sayında nəzərəçarpacaq azalma olduğunu bildirir və bu, müxtəlif ölkələrdə eyni vaxtda müşahidə olunur. Məlumata görə, sistem yeniləməsi çərçivəsində şübhəli və real olmayan aktivlik göstərən profillər mərhələli şəkildə platformadan uzaqlaşdırılıb. 

Buraya avtomatlaşdırılmış bot hesablar, süni yolla artırılmış izləyicilər, uzun müddətdir istifadə olunmayan profillər və qeyri-adi davranış nümunələri göstərən səhifələr daxil olduğu iddia olunur. 

Qeyd etdiyimiz kimi, İnstaqramda aparılan son sistem yenilənməsi məşhur simaların hesablarında da ciddi dəyişikliklərə səbəb olub. Dünyaca tanınmış şəxslərin profillərində izləyici sayında kəskin azalmalar müşahidə edilməsi sosial mediada geniş müzakirələr doğurub. 

Xüsusilə Kristiano Ronaldo, Lionel Messi və Kylie Jenner kimi milyonlarla auditoriyaya sahib ulduzların hesablarında ciddi enişlərin qeydə alındığı bildirilir. Ölkəmizdə də çox sayda müğənni və aktrisaların hesablarında 20-50 min arası izləyici silinməsi yaşanıb.

Bu vəziyyət sosial şəbəkələrdə saxta izləyici bazarının mövcudluğu ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Bütün bu proseslər bir daha göstərir ki, sosial şəbəkələrdə izləyici sayı yalnız populyarlığın göstəricisi deyil, həm də platformaların davamlı şəkildə təmizlədiyi və dəyişən rəqəmsal mühitin bir hissəsidir.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri, İKT üzrə ekspert Elvin Abbasov  Hit.az-a açıqlamasında bildirib ki, sosial mediada rəqəmlərin “uğur göstəricisi” sayıldığı bir dövrdə yaşayırıq:

398718

“Üstəlik, bu, bir çox insanı sadəcə görünüş üçün bot hesablar almağa sövq edir. Bu tendensiyanın arxasında dayanan əsas amil sosial sübut ehtiyacıdır. Yəni, profilə daxil olan şəxs yüksək izləyici sayını görəndə, avtomatik olaraq həmin hesabın daha etibarlı, populyar və ya uğurlu olduğunu düşünür. Xüsusilə bizneslər və yeni tanınmağa başlayan şəxslər bu rəqəmlərlə müştərilərin və ya tərəfdaşların gözündə süni bir “nüfuz” yaratmağa çalışırlar”.

Lakin ekspert qeyd edib ki, bu “göz boyama” cəhdi əslində hesabın sağlamlığına ciddi zərbə vurur:

“İnstaqram alqoritmləri izləyici sayı ilə paylaşımlara gələn bəyənmə və rəylər asındakı balansa baxır. On minlərlə izləyicisi olan bir hesabda cəmi bir neçə bəyənmənin olması həmin profilin aktivliyini aşağı salır və paylaşımların real insanlara çatmasına mane olur. İnstaqramın son təmizləmə əməliyyatı isə rəqəmsal dünyanın “saxta binalarını” yıxaraq, platformanı daha şəffaf və real ünsiyyətə söykənən bir mühitə qaytarmaq məqsədi daşıyır. Bu proses bizə bir daha göstərir ki, rəqəmsal məkanda kəmiyyət yox, keyfiyyət və real insanlarla qurulan bağ hər zaman daha dəyərlidir”.

Günel Cəlilova

0