Bəzən insanın çalışdığı yer ona mənfi təsir edir.
İstər kollektiv, istər iş yükü, istərsə də ofisin aurası işçini stressə sala bilir. Rəhbərliklə və digər işçilərlə yaşanılan fikir ayrılıqları da buna gətirib çıxarır. Faktiki olaraq, işçilərin bəziləri işlərindən razı deyillər. Bir çox işçi isə çalışdığı yerdə stressə məruz qalır. Yəni müasir iş həyatının ən aktual problemlərindən biri stresslə başa çıxa bilməməkdir.
Bəs iş yerində nə üçün stressə məruz qalırıq? Bundan xilas yolları nələrdir?
Mövzu ilə bağlı klinik psixoloq Xəyalə Xasməmmədli Hit.az-a açıqlamasında bildirib ki, yaşadığımız müddət boyunca stress bizi hər an təqib edə bilər:
“Əgər iş yerində stress yaşanırsa bunun bir neçə fərqli səbəbi ola bilər. Vaxtın az, işin çox olması, rəhbərin istəklərini tam şəkildə yerinə yetirə bilməmək, kollektivlə münasibətin zəif olması, ünsiyyət problemləri və qeyri-müəyyənliklər insanın çox zaman stress yaşamağına səbəb olur. Bütün bunlara baxmayaraq, özümüzə belə suallar verək: “Nə üçün baş verən hadisədə hər kəs eyni reaksiya vermir?” və ya “Biri üçün adi gələn bir hadisə digəri üçün faciəli gəlir?” Çünki bizi stressə salan baş verən hadisələrə qarşı verdiyimiz reaksiyalardır”.
Onun sözlərinə görə, perfeksionist - yəni mükəmməlliyyətçi biri işi mükəmməl şəkildə icra etmədikdə onda yüksək gərginlik yaranır:
“Çünki “işi tam mükəmməl etməliyəm” düşüncəsi onu bu stressi yaşamağına səbəb olur. Çox zaman düşüncəmiz real vəziyyətdən daha fərqli olaraq pis ssenarilər qurur. Hər işi eyni anda çatdırmağa çalışmaq da gərginliyi artırır. Bütün bunlarla baş etməyin ən sadə üsulu insan olmağımızı nəzərə almaqdır. Biz hər şeyi mükəmməl edə bilmərik”.
Psixoloq diqqqətə çatdırıb ki, sağlam təfəkkürlə işimizi daha balanslı icra etməyimiz mümkündür:
“Bunun üçün bizi narahat edən hər hansısa bir hadisə baş verdikdə dayanıb özümüzə belə suallar verək: “Burada məni narahat edən nə oldu?”, “Nə üçün bu hadisə mənə belə təsir etdi?” Çünki hadisələrdən çox düşüncələrimiz stress yaşamağımıza səbəb olur”.
Aslan



