Həyət evinin qarşısında niyə maşın saxlamayaq?

SOSİAL
15:00 / 05.05.2026
111

Fərdi yaşayış evlərinin ətrafında yerləşən sahələrin istifadəsi ilə bağlı tez-tez mübahisələr yaranır. 

Xüsusilə hasardan kənarda qalan hissələr bəzi sakinlər tərəfindən sanki şəxsi mülkiyyət kimi qəbul edilir. Kimisi həmin ərazilərdə gül-çiçək əkərək ətrafı abadlaşdırmağa çalışır, kimisi isə avtomobilini park etmək üçün bu yerlərdən istifadə edir. İlk baxışda bu addımlar zərərsiz və hətta faydalı görünə bilər, lakin məsələnin hüquqi tərəfi tam fərqlidir.

Qanunvericiliyə əsasən, hər hansı torpaq sahəsindən istifadə etmək üçün onun mülkiyyət hüququnun rəsmi sənədlərlə təsdiqlənməsi vacibdir. Əgər hasarın kənarında qalan ərazi sənəddə ev sahibinə aid deyilsə, həmin hissənin şəxsi məqsədlər üçün istifadə olunması qanunsuz hesab edilir. Bu qayda həm abadlıq işlərinə, həm də nəqliyyat vasitələrinin saxlanılmasına şamil olunur.

İstənilən halda bu məsələ müzakirələrə səbəb olub. Belə ki, həyəti olmayan və avtomobilini saxlamaq üçün yer tapmaqda çətinlik çəkən şəxslər bu vəziyyəti ədalətsiz sayır. Vətəndaş həyətinin qarşısında avtomobil saxlayırsa və bu, nə gediş-gəlişə mane olur, nə də əlavə sıxlıq yaradırsa, belə halda onun cərimə olunması nə dərəcədə əsaslıdır? 

Bu vəziyyətdə belə bir sual yaranır şəxs evinə gəlib həyətində maşın saxlamağa yer yoxdur və qapının ağzında saxlaya bilməz. O zaman vətəndaş nə etməlidir? O hər gün ödənişli parkinq xidmətindən istifadə etməlidir? Bu nə dərəcədə düzgündür?

Eyni zamanda, əgər sakin öz evinin qarşısında — hasarın kənarında ağac və ya gül əkərək ətrafı abadlaşdırırsa, bu davranış əksinə, təşviq olunmalı bir nümunə kimi qiymətləndirilməlidir. Dünyanın bir çox ölkəsində insanlar yaşadıqları mühitin gözəlləşdirilməsinə töhfə verir, evlərinin önündə yaşıllıq yaradırlar və bu, müsbət qarşılanır. 

Onu da nəzərə almaq lazımdır ki, vətəndaşın qapısının önündə bir neçə gül əkməsi onun təbiətə qayğı göstərmək, ətraf mühiti qorumaq istəyinin ifadəsi kimi dəyərləndirilməlidir.

İstənilən kimsə evinin qarşısında görülən işlər başqalarının sərbəst hərəkətinə heç bir maneə törətmirsə, belə halların qanunsuz sayılması sual doğurur... 

Günel Cəlilova

0