“Bavariya” – PSJ matçının STATİSTİKALARI

İDMAN
10:45 / 07.05.2026
46

Dünən gecə Çempionlar Liqasının ikinci finalçısının da adı bəlli olub.

PSJ səfərdə “Bavariya” ilə 1-1 bərabərə qalıb və ümumi hesabda 6-5 qalib gələrək finala vəsiqə qazanıb. Paris təmsilçisi finalda İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq. 

Bəs “Bavariya” – PSJ matçı necə yadda qaldı?

Ev sahibləri gözlənildiyi kimi topla oynamada üstün oldular: 66-34 faiz. Onlar, dəqiq pas ötürmələrində də 573-301 fərqi ilə öndə idilər. “Bavariya”nın üstün olduğu digər məqam isə qapılara vurulan zərbələr oldu: 18-15.

“Bavariya” qapıçısı Noyer 6, PSJ qapıçısı Safanov isə 5 qurtarış etdi. Qonaqlar 8, meydan sahibləri 1 dəfə künc zərbəsi yerinə yetirdilər. Almanlar 11, fransızlar isə 12 dəfə qaydanı pozdular. Qırmızı vərəqənin göstərilmədiyi oyunda komandalar hərəyə 3 dəfə sarı vərəqə ilə cəzalandılar. Bundan başqa, tərəflər hərəyə 3 dəfə böyük şansdan yararlana bilmədilər. 

Fərdi uğurlar:
PSJ-nin gürcüstanlı ulduzu Xviça Kvaratsxeliya Çempionlar Liqasının pley-off mərhələsinin ardıcıl 7 matçında məhsuldar oyunla yadda qalan ilk futbolçu olaraq tarixə düşüb. 
Dünənki matçda qol vuran Harri Keyn də yeni rekorda imza atıb. O, bu mövsüm klub və milli komandada toplam 60-cı dəfə fərqlənib. Beləliklə, Keyn “TOP-5” liqada Lionel Messi, Kriştiano Ronaldo və Luis Suaresdən sonra bunu bacaran 4-cü futbolçu olub.

Həmçinin, PSJ ardıcıl ikinci il Çempionlar Liqasında final oynayacaq. Bundan başqa, final matçında da bir ilk yaşanacaq. Belə ki, Çempionlar Liqası tarixində ilk dəfə finalçıların baş məşqçiləri ispandır.

Elmir Mustafa

0