Son dövrlərdə ictimai platformalarda tez-tez ürəkağrıdıcı mənzərələrə rast gəlinir.
Yeni doğulan körpələr müxtəlif məkanlarda tək buraxılır. Kimi ibadət yerlərinin qarşısında, kimi tibb müəssisələrinin ətrafında, bəzən isə daha təhlükəli nöqtələrdə — tullantıların atıldığı ərazilərdə, qəbiristanlıqlarda tapılır. Bu uşaqları çox vaxt təsadüfi şahidlər, xidmət başında olan hüquq-mühafizə əməkdaşları və ya səhər tezdən yola çıxan insanlar aşkar edirlər.
Bu hadisələrin bəzisi ümidverici sonluqla nəticələnsə də, hər zaman belə olmur. Açıq havada qalan körpələr sərt iqlim şəraitinə dözmür, yaxud sahibsiz heyvanların hücumuna məruz qalaraq həyatlarını itirirlər. Bu kimi faktlar problemin nə qədər acınacaqlı miqyas aldığını göstərir.
Məsələnin kökündə isə adətən sosial təzyiqlər, maddi sıxıntılar və şəxsi münasibətlərdə yaşanan çıxılmaz vəziyyətlər dayanır. Nikahdan kənar doğulan uşaqlara görə məsuliyyətdən yayınan kişilər, tək qalan qadınlar və cəmiyyətin sərt yanaşması belə halların yaranmasına zəmin yaradır. Bəzi qadınlar münasibətlərinin rəsmi mərhələyə keçəcəyinə ümid edərək hamiləliyi davam etdirir, lakin gözləntilər doğrulmadıqda çıxış yolu tapa bilmirlər.
Nəticədə ən çox zərər görən isə heç bir günahı olmayan körpələr olur. Bu məsələ fərdi dramdan daha çox, cəmiyyətin diqqət mərkəzində saxlamalı olduğu ciddi sosial problemdir. İstənilən halda səbəb nə olursa olsun valideynin, ananın qayğıya ehtiyacı olan körpə balanı gecənin qaranlığında küçəyə atmaq vicdansızlıqdır.
Bəllidir ki, bu gün çoxlu satda ailə övlad arzusu ilə yaşayır. Tək diləyi övlad sahibi olmaqdır, ancaq bu istəkləri gerçək olmur. Övladını küçəyə, qəbiristanlığa atan anaları gördükdə, illərlə bir övlad sahibi olmaq üçün həkim qapılarında yatan qadınların çəkdiyi əziyyəti xatırlamaq kifayətdir. Bu iki insan tipini müqayisə etmək belə düzgün deyil...
Günel Cəlilova

