Klinomaniya nədir?

SAĞLAMLIQ
11:40 / 04.05.2026
120

Qeyri-adi psixoloji xəstəlikləri araşdırmağa davam edirik.

Bu dəfə klinomaniyanı araşdıracağıq. Sözegedən xəstəlikdən əziyyət çəkən insanlar bütün gün yataqda qalmaq istəyirlər. Lakin bunu tənbəllik deyil, yataqlarını dünyanın ən təhlükəsiz yeri hesab etdikləri üçün oradan çıxmağa qorxurlar. 

Bəs bu qəribə sindromun yaranma səbəbi nədir? Həmçinin, ondan necə xilas olmaq olar?

Psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında bildirib ki, klinomaniya rəsmi diaqnoz deyil, daha çox insanın yataqda qalmağa həddindən artıq meyl etməsini təsvir edən bir anlayışdır:


“Bu vəziyyətin arxasında adətən tənbəllik yox, psixikanın özünü qoruma mexanizmləri dayanır. İnsan xarici dünyada onu narahat edən məsuliyyətlərdən, sosial münasibətlərdən və ya uğursuzluq ehtimalından qaçmaq üçün yatağı təhlükəsiz zona kimi seçir. Yataq onun üçün nəzarət olunan və sakit bir mühitə çevrilir. Bu hal çox vaxt narahatlıq fonunda yaranır çünki insanın daxilində təhlükə hissi həddindən artıq güclənir və o, özünü qorumağa çalışır”.

Ekspert qeyd edib ki, depressiv vəziyyətlərdə enerji azalır motivasiya itir və insan ən sadə fəaliyyətləri belə başlamaqda çətinlik çəkir:
“Bu zaman yataqda qalmaq həm fiziki yorğunluğun həm də emosional boşluğun nəticəsi olur. Bəzi hallarda bu davranış öyrənilmiş olur, əgər insan keçmişdə çətin anlarda yatağa çəkilib rahatlıq tapıbsa beyin bunu təhlükəsiz strategiya kimi yadda saxlayır və sonradan avtomatik şəkildə təkrarlayır. Travmatik təcrübələr də bu vəziyyətə səbəb ola bilər. Çünki insan xarici dünyanı təhlükəli kimi qavramağa başlayır və geri çəkilməyi seçir. Bundan əlavə, özünə inamın zəifləməsi və daxili “bacarmaram” düşüncələri də aktivliyi azaldır”.

Onun sözlərinə görə, ilk addım çox kiçik olmalıdır birdən-birə böyük dəyişiklik yox sadəcə yataqdan qalxıb otaqda 5 dəqiqə gəzmək belə kifayətdir:
“Beyin üçün əsas mesaj budur ki “çıxdım və heç nə baş vermədi”. Bu təcrübə təkrarlandıqca qorxu zəifləyir. Günə struktur vermək vacibdir plansızlıq bu vəziyyəti daha da gücləndirir. Lakin plan ideal yox real olmalıdır,məsələn səhər qalx su iç, pəncərəni aç 10 dəqiqə hərəkət et. Bu kiçik rutinlər psixikanı stabilləşdirir. Bədəni aktivləşdirmək çox təsirlidir çünki psixika və bədən bir-birinə bağlıdır, qısa gəzinti yüngül idman hətta sadə hərəkətlər belə enerjini artırır və passivliyi qırır”.

Ülviyyə Ağazadə diqqətə çatdırıb ki, özünlə dialoqu da dəyişmək lazımdır “mən bacarmıram” yerinə “kiçik də olsa edəcəm” yanaşması qoyulmalıdır:
“Çünki sərt daxili tənqid bu vəziyyəti daha da dərinləşdirir. Əgər bu hal uzun müddət davam edirsə və insanın gündəlik funksionallığını ciddi şəkildə azaldırsa artıq təkbaşına mübarizə aparmaq çətin olur. Bu zaman psixoloqla işləmək daha effektivdir. Burada dərin səbəblər məsələn narahatlıq pozuntusu və ya depressiya ola bilər və onlar üzərində işləmək lazımdır”.

Pərviz
 

0