Melatonin əlavələrinin əsasən yuxusuzluğun aradan qaldırılması üçün istifadə olunduğu məlumdur. Lakin Sidney Universitetinin alimləri bu hormonun başqa faydalı xüsusiyyətlərə də malik ola biləcəyini müəyyən ediblər.
Hit.az xəbər verir ki, bu barədə "Science Alert" nəşri yazır.
Araşdırmaya görə, beyində melatoninin işə saldığı mexanizmlər xroniki ağrıların yüngülləşməsinə də kömək edə bilər. Alimlər müəyyən ediblər ki, melatonin əzələləri, sümükləri, oynaqları, vətərləri və bağları əhatə edən xroniki dayaq-hərəkət sistemi ağrılarını azalda bilir. Bəzi hallarda onun təsiri opioidlər, qeyri-steroid iltihabəleyhinə preparatlar və parasetamol kimi ağrıkəsicilərlə müqayisə edilə biləcək səviyyədə olub. Tədqiqatın nəticələri "Pain" jurnalında dərc edilib.
Tədqiqatın aparıcı müəllifi Kançao Vu bildirib ki, əldə olunan nəticələr ümidvericidir. Onun sözlərinə görə, melatonin artıq geniş istifadə olunur və qısamüddətli tətbiq zamanı təhlükəsiz hesab edilir. Bundan əlavə, bu hormonun istifadəsi asılılıq riski daşıyan bəzi ağrıkəsicilərə ehtiyacı azalda bilər.
Araşdırmada ümumilikdə 2 028 nəfər iştirak edib. Ayrı-ayrı tədqiqatlar qəti nəticə çıxarmaq üçün kifayət qədər geniş olmasa da, bütün məlumatların birgə təhlili göstərib ki, melatonin orta hesabla ağrının intensivliyini 0–100 ballıq şkala üzrə təxminən 9 bal azaldıb.
Bununla belə, təsirin ağrının səbəbindən asılı olduğu müəyyən edilib. Əməliyyatdan sonrakı ağrıları olan xəstələrdə statistik cəhətdən əhəmiyyətli nəticə müşahidə edilməyib. Xroniki ağrılardan əziyyət çəkən şəxslərdə isə melatonin nəzərəçarpacaq ağrıkəsici təsir göstərib.
Tədqiqat zamanı bəzi yan təsirlər də qeydə alınıb. Bunlara ürəkbulanma, baş ağrısı və başgicəllənmə daxildir.
Mütəxəssislər qeyd edirlər ki, melatonin ümumilikdə 1–2 aylıq qısamüddətli istifadə zamanı təhlükəsiz və yaxşı tolere olunan preparat hesab edilir. Lakin uzunmüddətli istifadənin təhlükəsizliyi ilə bağlı kifayət qədər elmi sübut yoxdur. Bəzi araşdırmalar uzun müddət melatonin qəbulunun ürək çatışmazlığı riskinin artması ilə əlaqəli ola biləcəyini göstərib.
Alimlər vurğulayırlar ki, melatoninin ağrını hansı mexanizmlə azaltdığı hələ tam aydın deyil və bu istiqamətdə əlavə tədqiqatlara ehtiyac var.
Samir


