Diyetoloqların fikrincə, üzüm tərkibindəki antioksidantlar və digər faydalı maddələr sayəsində beyin, ürək-damar sistemi və bağırsaqların sağlamlığını dəstəkləyən meyvələrdən biridir. Mütəxəssislər gündəlik qidalanmada təxminən bir-iki stəkan təzə üzümə yer verməyi tövsiyə edirlər.
HİT.az xəbər verir ki, bu barədə “Real Simple” nəşri “Journal of Agriculture and Food Chemistry” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.
Diyetoloqlar üzümün əsas üstünlüyünü onun tərkibindəki fitonutrientlər, xüsusilə polifenollarla əlaqələndirirlər. Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir və orqanizmdə oksidləşdirici stressin azalmasına kömək edir. Üzümdə fenol turşuları, antosianinlər, flavonoidlər və stilbenlər kimi faydalı birləşmələr mövcuddur.
Mütəxəssis diyetoloq Averi Zenkerin sözlərinə görə, polifenolların iltihabəleyhinə xüsusiyyətləri də üzümün sağlamlıq baxımından əhəmiyyətini artırır.
Araşdırmada üzümün müxtəlif rənglərinin qida tərkibinə də diqqət yetirilib. Məlum olub ki, bənövşəyi üzüm antosianinlərlə daha zəngindir. Bu maddələr meyvəyə tünd rəng verir və güclü antioksidant təsirə malikdir. Qırmızı və yaşıl üzümlə müqayisədə bənövşəyi üzümün ümumi antioksidant potensialı da daha yüksəkdir.
Üzümün üç əsas faydası
Diyetoloq-kardioloq Mişel Rautenşteynin fikrincə, üzüm ürək sağlamlığının qorunmasına kömək edə bilər. Onun tərkibindəki resveratrol və proantosianidinlər qan damarlarının rahatlamasını dəstəkləyir, qan təzyiqinin tənzimlənməsinə və xolesterinin sağlam səviyyədə saxlanmasına müsbət təsir göstərə bilər.
Üzümün digər üstünlüyü beyin fəaliyyətini dəstəkləməsidir. Tərkibindəki antioksidantlar neyronları qorumağa və koqnitiv funksiyaların normal fəaliyyətinə kömək edir. Bəzi tədqiqatlar müntəzəm üzüm istehlakının yaddaş və digər koqnitiv göstəricilərə müsbət təsir göstərə biləcəyini, neyrodegenerativ xəstəliklərin riskinin azalmasında rol oynaya biləcəyini göstərir.
Bundan başqa, üzüm bağırsaq mikrobiomunun tarazlığının qorunmasına da töhfə verir. Meyvənin tərkibindəki polifenollar həzm sistemində faydalı mikroorqanizmlərin sayına və müxtəlifliyinə müsbət təsir göstərə bilər. Eyni zamanda, bağırsaq mikroorqanizmləri bu maddələrin orqanizm tərəfindən mənimsənilməsini dəstəkləyir.
Mütəxəssislər bildirirlər ki, üzümün faydaları yalnız ayrı-ayrı vitamin və minerallarla məhdudlaşmır. Onun tərkibindəki maddələrin bir-biri ilə və bağırsaq mikrobiomu ilə qarşılıqlı əlaqəsi də sağlamlıq baxımından əhəmiyyətlidir.
Bununla belə, alimlər üzümün sağlamlığa təsir mexanizmlərinin tam öyrənilmədiyini və bəzi faydaların dəqiqləşdirilməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
Samir


