Qidalanmada mühüm rol oynayan fosfatların həddindən artıq qəbulu qan damarlarının elastikliyini itirməsinə və onların vaxtından əvvəl sərtləşməsinə səbəb ola bilər.
HİT.az xəbər verir ki, bu nəticə ABŞ-ın Kolorado Universitetinin Tibb Məktəbinin alimlərinin apardığı araşdırmada üzə çıxıb. Tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Fosfatlar orqanizmdə sümük toxumasının formalaşması və bir sıra bioloji proseslərin normal fəaliyyəti üçün vacibdir. Böyrəklər qandakı fosfatları süzür, onların bir hissəsini yenidən qan dövranına qaytarır, artıq miqdarı isə sidik vasitəsilə xaric edir.
Alimlər araşdırma zamanı böyrəklərdə fosfatların qana geri qaytarılmasını tənzimləyən TMEM174 zülalının rolunu öyrəniblər. Bunun üçün həmin zülal normal səviyyədə olan siçanlarla onu istehsal edə bilməyən heyvanlar müqayisə edilib.
Nəticələr göstərib ki, TMEM174 zülalı olmayan siçanlarda qanda fosfat səviyyəsinin tənzimlənməsi pozulub. Bu heyvanların damar divarlarında kalsium çöküntüləri daha çox toplanıb. Nəticədə damarlar elastikliyini itirərək sərtləşib.
Fosfatla zəngin qidalanma belə heyvanlarda damarların sərtliyini daha da artırıb və onların ömrünün qısalması ilə müşayiət olunub. Tədqiqatçılar qidadakı fosfat miqdarını azaltdıqda isə bu dəyişikliklərin bir hissəsinin zəiflədiyini müəyyən ediblər.
Alimlər hesab edirlər ki, araşdırma fosfat mübadiləsinin pozulması ilə damar zədələnmələri arasındakı əlaqəni izah etməyə kömək edir. Bu mexanizm xüsusilə böyrəklərin xroniki xəstəlikləri zamanı əhəmiyyət daşıyır. Belə hallarda orqanizmin artıq fosfatları xaric etmək qabiliyyəti zəifləyə bilər.
Tədqiqat müəllifləri növbəti mərhələdə TMEM174 zülalının fosfatların qana qaytarılmasında iştirak edən digər zülallarla qarşılıqlı əlaqəsini araşdırmağı planlaşdırırlar. Bu, gələcəkdə damarların zədələnməsinin qarşısını almaq üçün yeni müalicə yanaşmalarının hazırlanmasına imkan yarada bilər.
Qeyd edək ki, tədqiqat siçanlar üzərində aparılıb. Buna görə də nəticələri birbaşa insanlar üçün eyni risk səviyyəsi kimi qiymətləndirmək olmaz.
Samir


