Gündəlik qidalanmada zülalın miqdarını artırmaq üçün protein kokteyllərinə və xüsusi qida əlavələrinə ehtiyac yoxdur. Sadəcə bəzi qidaları menyuya əlavə etməklə orqanizmin zülal ehtiyacını qarşılamaq mümkündür.
HİT.az xəbər verir ki, diyetoloq Cillian Kubala bu barədə “Health” nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, kifayət qədər zülal qəbulu əzələ kütləsinin qorunmasına, fiziki gücün saxlanmasına və yaş artdıqca hərəkət qabiliyyətinin zəifləməsinin qarşısının alınmasına kömək edir.
Dietoloq gündəlik qidalanmada zülalın miqdarını artırmaq üçün doqquz üsul tövsiyə edib:
1. Səhər yeməyində kəsmik və yunan yoqurtuna üstünlük vermək. Bu məhsullar zülalla zəngin olduğu üçün günə faydalı başlanğıc ola bilər.
2. Zülallı ara yeməklər seçmək. Gün ərzində qəlyanaltı zamanı zülal tərkibli məhsullardan istifadə etmək tövsiyə olunur.
3. Paxlalı bitkiləri daha çox yemək. Lobya, noxud və mərcimək zülal mənbəyi kimi rasionda yer almalıdır.
4. Yeməklərə toxumlar əlavə etmək. Müxtəlif toxumlar qidaların zülal dəyərini artırmağa kömək edir.
5. Konservləşdirilmiş balıqdan istifadə etmək. Bu məhsullar gündəlik menyuya zülal əlavə etməyin əlçatan yollarından biridir.
6. Smuziləri kefirlə hazırlamaq. Kefir içkilərin qida dəyərini artırır.
7. Sümük bulyonu içmək. Dietoloq bunu zülal qəbulunu artırmağın alternativ yollarından biri kimi göstərib.
8. Adi makaronu paxlalılardan hazırlanan makaronla əvəzləmək. Bu seçim yeməyin zülal tərkibini yüksəldə bilər.
9. Kəsmikdən desertlər hazırlamaq. Şirniyyatlarda bu məhsuldan istifadə etməklə həm dadlı, həm də zülalla zəngin alternativ əldə etmək mümkündür.
Beləliklə, mütəxəssis hesab edir ki, qidalanma vərdişlərində kiçik dəyişikliklər etməklə xüsusi əlavələrdən istifadə etmədən də zülal qəbulunu artırmaq mümkündür.
Samir


