Alimlər bağırsağın iltihabi xəstəliklərinin gözlənilməz səbəbini müəyyən edib

SAĞLAMLIQ
17:17 / 21.07.2026
74

"Nature Biomedical Engineering" jurnalında dərc olunan yeni araşdırmada alimlər Kron xəstəliyi və xoralı kolitin inkişafında gözlənilməz rol oynayan hüceyrələri müəyyən ediblər. 

HİT.az-ın məlumatına görə, tədqiqat göstərib ki, əvvəllər yalnız birləşdirici toxumanın dəstək elementi hesab edilən fibroblastlar iltihab prosesinin aktiv iştirakçıları ola bilər.

Kron xəstəliyi və xoralı kolit dünyada milyonlarla insana təsir göstərən iltihabi bağırsaq xəstəlikləridir. Buna baxmayaraq, onların yaranma mexanizmi hələ də tam aydınlaşdırılmayıb. İndiyədək nə hüceyrə kulturları, nə də heyvan modelləri bu xəstəlikləri tam şəkildə təqlid edə bilib.

Harvard Universitetinin biomühəndisi Əlican Özkan və həmkarları xəstələrin hüceyrələrindən istifadə etməklə "Colon Chip" ("Kolon çipi") adlı mikrofluid cihaz hazırlayıblar.

Bu model yalnız bağırsağın hüceyrə mühitini deyil, həm də bağırsaq hərəkətləri (peristaltika) zamanı divarların mexaniki dartılmasını da təqlid edir.

Araşdırmanın ən mühüm nəticəsi fibroblastların gözlənilməz davranışı olub.

Alimlər sağlam epitel hüceyrələrini iltihabi bağırsaq xəstəliyindən əziyyət çəkən insanların fibroblastları ilə birlikdə çipə yerləşdiriblər. Nəticədə sağlam hüceyrələr xəstə hüceyrələr kimi davranmağa başlayıb.

Onlarda bağırsağın qoruyucu baryeri zəifləyib, iltihab göstəriciləri isə artıb. Tədqiqat göstərib ki, iltihab prosesini başlatmaq üçün yalnız xəstələrdən götürülmüş fibroblastlar kifayət edib və bunun üçün digər iltihabi amillərin iştirakı tələb olunmayıb.

Yeni model ilk dəfə olaraq iltihabi bağırsaq xəstəlikləri olan hamilə qadınlarda müşahidə edilən xəstəliyin kəskinləşməsini də laboratoriya şəraitində təkrarlamağa imkan verib.

Bundan əlavə, araşdırma göstərib ki, xəstə fibroblastlar kanserogen maddələrin təsiri altında xərçənglə əlaqəli hüceyrə dəyişikliklərini daha da gücləndirə bilər.

Tədqiqat müəllifləri bildirirlər ki, hazırlanan platforma gələcəkdə yeni müalicə hədəflərinin müəyyənləşdirilməsi və dərmanların birbaşa insan hüceyrələri üzərində sınaqdan keçirilməsi üçün istifadə oluna bilər.

Samir

0