ABŞ-ın "Texas A&M University"nin Baytarlıq Təbabəti və Biotibbi Elmlər Kollecinin alimləri müəyyən ediblər ki, qəhvənin tərkibindəki bəzi birləşmələr orqanizmin stressə qarşı müdafiəsində və qocalma prosesləri ilə əlaqəli mexanizmlərdə mühüm rol oynayan NR4A1 reseptorunu aktivləşdirə bilər.
HİT.az xəbər verir ki, bu barədə "ScienceDaily" məlumat yayıb.
Tədqiqat müəlliflərinin sözlərinə görə, qəhvə uzunömürlülüyün artması və bir sıra xroniki xəstəliklərin riskinin azalması ilə əlaqələndirilsə də, bu faydalı təsirlərin bioloji mexanizmləri indiyədək tam aydın deyildi.
"Texas A&M University"nin professoru Stiven Sayf bildirib ki, qəhvənin sağlamlığa müsbət təsirlərinin bir hissəsi onun tərkibindəki maddələrin NR4A1 reseptoru ilə qarşılıqlı əlaqəsi sayəsində baş verə bilər.
NR4A1 orqanizmdə stress və toxuma zədələnməsi zamanı genlərin fəaliyyətini tənzimləyən nüvə reseptorları qrupuna daxildir. Alimlərin əvvəlki araşdırmalarına görə, bu reseptor toxumalarda yaranan zədələnmələrin azalmasına kömək edir. Onun fəaliyyəti pozulduqda isə zədələnmələr daha ağır keçir.
Araşdırmalar göstərib ki, NR4A1 iltihab prosesləri, maddələr mübadiləsi və toxumaların bərpasında iştirak edir. Bu proseslərin hər biri yaşlanma ilə bağlı xəstəliklərin inkişafında mühüm rol oynayır.
Alimlər əvvəllər qəhvə istehlakı ilə "Alzheimer" və "Parkinson" xəstəlikləri, eləcə də metabolik pozğunluqlar riskinin azalması arasında əlaqə müəyyən etsələr də, bunun səbəbi məlum deyildi. Yeni tədqiqat NR4A1 reseptorunun bu mexanizmlərdən biri ola biləcəyini göstərir.
Tədqiqat zamanı müəyyən olunub ki, qəhvədə olan bir sıra polifenol və polihidroksilli birləşmələr, o cümlədən qəhvə turşusu NR4A1 reseptoruna bağlanaraq onun fəaliyyətini dəyişə bilir. Laboratoriya təcrübələrində bu maddələr hüceyrə zədələnməsini azaldıb və xərçəng hüceyrələrinin çoxalmasını ləngidib.
Alimlər NR4A1 reseptorunu hüceyrələrdən çıxardıqdan sonra həmin qoruyucu təsirlərin yoxa çıxdığını müşahidə ediblər. Bu nəticə reseptorun qəhvənin ən azı bəzi faydalı təsirlərində mühüm rol oynadığını təsdiqləyir.
Tədqiqat müəllifləri hesab edirlər ki, qəhvənin sağlamlığa müsbət təsirlərinin əsas səbəbi kofein deyil. Əksinə, NR4A1 reseptoruna daha güclü təsir göstərən maddələr qəhvənin tərkibindəki təbii polifenollardır. Bu birləşmələr bir çox meyvə və tərəvəzdə də mövcuddur.
Alimlərin fikrincə, bu kəşf həm kofeinli, həm də kofeinsiz qəhvənin sağlamlıq üçün oxşar faydalar göstərməsini izah edə bilər. Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, əldə olunan nəticələrin insan orqanizmində tam təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Samir


