Gündə 100 qram probiotik yoqurt bioloji qocalmanı yavaşlada bilər

SAĞLAMLIQ
19:19 / 22.07.2026
52

Yaponiyada aparılan klinik araşdırma göstərib ki, probiotik yoqurt, sağlam qidalanma və müntəzəm fiziki aktivliyin birgə tətbiqi bioloji qocalma sürətini azalda bilər. Üç ay davam edən proqramın sonunda iştirakçılarda bioloji qocalma sürətinin orta hesabla 2,2 faiz azaldığı müəyyən edilib. Bununla belə, mütəxəssislər əldə olunan nəticələrin yalnız yoqurtla əlaqələndirilə bilməyəcəyini bildirirlər.

HİT.az xəbər verir ki, "Aging" jurnalında dərc olunan tədqiqatda yaşı 50-74 arasında olan, artıq çəkidən əziyyət çəkən 48 kişi iştirak edib. Onlar iki qrupa bölünüb.

Müdaxilə qrupundakı iştirakçılar 12 həftə ərzində:

* hər gün 100 qram "Bifidobacterium longum BB536" tərkibli sadə probiotik yoqurt qəbul edib;
* fərdi qidalanma tövsiyələrinə əməl edib;
* şəkərli içkilər və qəlyanaltıların qəbulunu azaldıb;
* həftədə ən azı üç dəfə, təxminən 30 dəqiqə gəzinti və ya step məşqləri ediblər.

Nəzarət qrupu isə gündəlik həyat tərzini dəyişməyib.

Tədqiqatçılar bioloji qocalma sürətini epigenetik göstəricilərdən biri hesab edilən "DunedinPACE" DNT testi vasitəsilə qiymətləndiriblər.

Araşdırmanın nəticələrinə görə, 12 həftə ərzində iştirakçıların bioloji qocalma sürəti orta hesabla 2,2 faiz azalıb. Həmçinin böyrək sağlamlığı ilə əlaqəli epigenetik göstəricilərdən olan "DNAm Cystatin C" səviyyəsində də müsbət dəyişiklik müşahidə olunub.

Alimlər qeyd ediblər ki, bu dəyişikliklər birbaşa çəki itirilməsi ilə əlaqəli olmayıb.

Mütəxəssislər vurğulayırlar ki, əldə olunan faydaları yalnız probiotik yoqurtun təsiri kimi qiymətləndirmək düzgün deyil. Çünki araşdırmada eyni vaxtda üç amil – probiotik yoqurt qəbulu, daha sağlam qidalanma və müntəzəm fiziki aktivlik birlikdə tətbiq olunub.

Onların fikrincə, probiotiklərin bağırsaq mikrobiotasını dəstəkləməsi xroniki iltihabın azalmasına, immun sisteminin tarazlaşmasına, oksidativ stressin zəifləməsinə və maddələr mübadiləsinin yaxşılaşmasına kömək edə bilər. Bu səbəbdən bağırsaq sağlamlığı qocalma ilə bağlı tədqiqatlarda mühüm istiqamətlərdən biri hesab olunur.

Araşdırma müəllifləri bildirirlər ki, tədqiqat kiçik miqyasda aparılıb və yalnız artıq çəkili yapon kişilərini əhatə edib. Nəticələrin qadınlar, digər yaş qrupları və uzunmüddətli dövr üçün də keçərli olub-olmadığını müəyyənləşdirmək məqsədilə daha geniş tədqiqatlara ehtiyac var.

Qeyd olunur ki, sağlam qidalanma, müntəzəm fiziki aktivlik və fermentləşdirilmiş qidaların rasiona daxil edilməsi bioloji qocalma prosesinin ləngiməsinə töhfə verə bilər, lakin hazırkı nəticələr səbəb-nəticə əlaqəsini tam təsdiqləmək üçün kifayət etmir.

Samir
 

0