"Ozempic" preparatının istifadəsi zamanı yaranan bəzi yan təsirlər ağız boşluğunun vəziyyətinə mənfi təsir göstərə və stomatoloji problemlərin riskini artıra bilər.
HİT.az xəbər verir ki, bu barədə stomatoloq-terapevt Lala Ələsgərova gazeta.ru-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, bu səbəbdən stomatoloqun pasiyentin bu qrup preparatlardan istifadə etdiyini bilməsi vacibdir.
Lala Ələsgərova qeyd edib ki, ən çox rast gəlinən şikayətlərdən biri ağız quruluğu (kserostomiya) olur. Bu zaman insan tez-tez su içmək istəyir, ağız selikli qişasında yapışqanlıq hiss olunur, yanğı, dodaq künclərində çatlar və ağızdan xoşagəlməz qoxu yarana bilər.
Bununla belə, stomatoloq vurğulayıb ki, ağız quruluğunu yalnız preparatın təsiri ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, tüpürcək ifrazına şəkərli diabet, susuzlaşma, stress, ağızdan nəfəsalma, digər dərman preparatları, qidalanma rejimində kəskin dəyişikliklər və başqa amillər də təsir göstərə bilər.
Həkim bildirib ki, pasiyentin şikayətlərinin nə vaxt başladığı, nə qədər tez-tez baş verdiyi, susuzluq, reflüks və ya ürəkbulanmanın olub-olmaması, həmçinin qidalanma və maye qəbulu rejimində dəyişikliklər diaqnostika baxımından mühüm əhəmiyyət daşıyır.
Ələsgərovanın sözlərinə görə, qusma və qastroezofageal reflüks də ağız boşluğuna mənfi təsir edir. Mədə turşusunun ağız boşluğuna düşməsi diş minasının turşu eroziyasına səbəb ola bilər.
Stomatoloq qusmadan dərhal sonra sərt diş fırçası ilə dişləri təmizləməməyi tövsiyə edib. Onun sözlərinə görə, bu zaman mina daha həssas olur. Əvvəlcə ağız su ilə yaxalanmalı, zərurət olduqda spirtsiz yaxalayıcı vasitədən istifadə edilməli, dişlərin fırçalanması isə bir qədər sonraya saxlanmalıdır.
Mütəxəssis əlavə edib ki, müalicə dövründə ağızdan xoşagəlməz qoxu və ya qeyri-adi dad hissi də yarana bilər. Bu hallar ağız quruluğu, dil üzərində ərpin toplanması, reflüks, qida qəbulunun seyrəkləşməsi, qidalanma rejiminin dəyişməsi və karbohidratların ciddi məhdudlaşdırılması ilə əlaqəli ola bilər.
Onun sözlərinə görə, müayinə zamanı stomatoloq qatı tüpürcək, ağız selikli qişasının quruluğu, diş əti iltihabı, diş boynu nahiyəsində ərp, yeni kariyes ocaqları və ya mina eroziyası əlamətlərini aşkar edə bilər.
Lala Ələsgərova "Ozempic" qəbul edən şəxslərə həkim tərəfindən əks göstəriş yoxdursa kifayət qədər su içməyi, gündə iki dəfə flüor tərkibli diş məcunu ilə dişlərini fırçalamağı, dili təmizləməyi, şirin və yapışqan qidaları gün ərzində tez-tez qəbul etməməyi tövsiyə edib.
Ağız quruluğu olan şəxslərə isə həkimlə məsləhətləşərək tüpürcək əvəzedici gellərdən və ya şəkərsiz saqqızdan istifadə etmək tövsiyə olunur.
Stomatoloq vurğulayıb ki, preparatın qəbulu fonunda tez-tez ürək yanması, turş gəyirmə, ürəkbulanma və ya qusma baş verərsə, bu barədə müalicəni təyin edən həkimə mütləq məlumat verilməlidir.
Samir


