Yeddi məşhur şəkər əvəzedicisi yaddaşı zəiflədə bilər

SAĞLAMLIQ
20:37 / 22.07.2026
45

Az kalorili və ya kalorisiz şəkər əvəzedicilərinin istifadəsi beynin daha sürətlə qocalması və yaddaşın zəifləməsi ilə əlaqəli ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə "The Hill" nəşri Amerika Nevrologiya Akademiyasının dərc etdiyi yeni araşdırmaya istinadən məlumat yayıb.

Araşdırmanın müəllifi, San-Paulu Universitetinin alimi Klaudiya Kimie Suemoto bildirib ki, az kalorili və kalorisiz şirinləşdiricilər çox vaxt şəkərə sağlam alternativ kimi təqdim olunsa da, əldə olunan nəticələr bəzi şirinləşdiricilərin uzunmüddətli istifadəsinin beyin sağlamlığına mənfi təsir göstərə biləcəyini göstərir.

Tədqiqat çərçivəsində təxminən 13 min yetkin şəxsin məlumatları təhlil olunub. Alimlər yeddi məşhur şirinləşdiricinin – aspartam, saxarin, asesulfam K, eritritol, ksilitol, sorbitol və taqatozanın təsirini araşdırıblar.

İştirakçılar tədqiqatın əvvəlində, ortasında və sonunda koqnitiv testlərdən keçərək yaddaş və düşünmə qabiliyyətindəki dəyişikliklər qiymətləndirilib.

Nəticələr göstərib ki, daha çox şirinləşdirici qəbul edən şəxslərdə koqnitiv funksiyaların zəifləməsi 62 faiz daha sürətli baş verib. Beynin sürətlənmiş qocalması ilə əlaqə xüsusilə şəkərli diabetdən əziyyət çəkən iştirakçılar arasında daha aydın müşahidə olunub.

Orta səviyyədə şirinləşdirici istifadə edən şəxslərdə isə koqnitiv funksiyaların zəifləmə tempi bu maddələri minimum miqdarda qəbul edənlərlə müqayisədə 35 faiz daha yüksək olub.

Klaudiya Kimie Suemotonun sözlərinə görə, əlaqə həm diabetli, həm də diabeti olmayan orta yaşlı insanlarda müşahidə edilsə də, şəkərli diabet xəstələri şəkəri əvəz etmək məqsədilə süni şirinləşdiricilərdən daha çox istifadə edirlər.

Qeyd olunur ki, bu şirinləşdiricilər adətən ultraemal olunmuş qida məhsulları və içkilərin tərkibində istifadə edilir. Bundan əlavə, onlar qəhvə, çay, yemək və çörəkbişirmədə istifadə üçün ayrıca məhsul kimi də satışa çıxarılır.

Samir
 

0