Neyron şəbəkəsinə tibbi qeydləri xəstələr üçün başa düşülən bir dilə tərcümə etmək öyrədildi

SAĞLAMLIQ
16:31 / 26.08.2026
53

Britaniyalı proqram təminatı tərtibatçısı Nikolas Ləmb “Patiently AI” adlı mobil tətbiq hazırlayıb. Tətbiq böyük dil modelindən (LLM) istifadə edərək mürəkkəb tibbi terminləri pasiyentlərin başa düşəcəyi dilə çevirir. 

HİT.az xəbər verir ki, bu barədə “Frontiers in Digital Health” jurnalında dərc olunan araşdırmanın nəticələri alqoritmin tibbi sənədlərin klinik dəqiqliyini itirmədən oxunaqlılığını artırdığını göstərib.

Proqram “GPT-4o” modeli əsasında işləyir və mətni konkret auditoriyaya uyğunlaşdırır: uşaq, yeniyetmə və ya böyüklər üçün. Neyroşəbəkə həmçinin peşəkar həkim üslubunu daha dostyana, məlumatlandırıcı və ya sakitləşdirici üsluba çevirə bilir.

Eksperiment zamanı alqoritm hipertoniya, diabet və xərçəng kimi diaqnozların yer aldığı 10 sınaq tibbi kartını emal edib. Süni intellekt mətnin mürəkkəbliyini təxminən üç sinif səviyyəsi qədər azaldıb və universitet səviyyəsində yazılmış qeydləri orta məktəb şagirdlərinin başa düşə biləcəyi mətnlərə çevirib.

15 müstəqil həkim-ekspertdən ibarət qrup nəticələri yüksək qiymətləndirib. Dəqiqlik və aydınlıq üzrə göstəricilər 5 mümkün baldan müvafiq olaraq 4,4 və 4,5 bal təşkil edib. Mətnlərin 87 faizindən çoxu klinik baxımdan təhlükəsiz hesab olunub.

54 pasiyentin iştirak etdiyi sorğuda respondentlərin 70 faizi neyroşəbəkə tərəfindən hazırlanmış versiyalara üstünlük verib. Diaqnozla bağlı əsas məlumatların düzgün başa düşülməsi göstəricisi isə 98 faizə çatıb.

“Anlayışın yaxşılaşması müalicəyə inamın artması ilə müşayiət olundu. Aydın izahlar pasiyentlərin etimadını gücləndirir, şübhə yaratmır”, deyə tədqiqatın müəllifi Nikolas Ləmb bildirib.

Tibbi savadsızlıq qlobal problem olaraq qalır. ABŞ-da yetkin insanların demək olar ki, yarısı yazılı tibbi məlumatları çətinliklə başa düşür. Dərmanların qəbulunda səhvlər və lazımsız hospitalizasiyalar səbəbindən bunun iqtisadiyyata illik 106–238 milyard dollar zərər vurduğu bildirilir.

Süni intellekt köməkçilərinin tətbiqi həkimlərin iş yükünü azalda bilər. Bununla belə, “Patiently AI”nin tərtibatçıları sistemin məhdudiyyətlərini də etiraf edirlər.

Məlumata görə, halların 12 faizində alqoritm ciddi diaqnozları həddindən artıq sadələşdirə və ya mövcud olmayan tövsiyələr əlavə edə bilər. Buna görə tibbi sənədlərin pasiyentə təqdim edilməsindən əvvəl mətn müalicə edən həkim tərəfindən yoxlanılmalıdır. Bu, xəstənin vəziyyətinin ağırlığının olduğundan daha yüngül göstərilməsi riskini aradan qaldırmaq üçün vacibdir.

Samir
 

0