“Cəmiyyətin bir hissəsinin psixoloqa müraciət etməkdən çəkinməsinin əsas səbəblərindən biri psixoloji xidmətə qarşı formalaşmış güvənsizlikdir”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insanlar yaşadıqları problemin, ailədaxili münasibətlərin, şəxsi hisslərinin və ya həyatlarında baş verən hadisələrin başqalarına danışılacağından qorxa bilirlər:
“Əslində, bu qorxu yalnız psixoloqa deyil, ümumilikdə psixoloji yardım prosesinə olan inamsızlıqdan qaynaqlanır. Bu güvənsizliyin bir neçə səbəbi var. İlk növbədə, psixoloq anlayışı cəmiyyətdə uzun müddət düzgün tanıdılmayıb.
Bəzi insanlar psixoloqu yalnız ciddi psixi problemləri olan insanların müraciət etdiyi mütəxəssis kimi qəbul edir. Digərləri isə psixoloqun verdiyi məsləhəti yaxınlarından eşitdiyi fikirlərdən fərqləndirmir”.
Ekspert qeyd edib ki, sosial mediada kifayət qədər peşəkar hazırlığı olmayan insanların özünü psixoloq və ya terapevt kimi təqdim etməsi də insanların bu sahəyə olan etibarını zədələyir:
“Ən ciddi məsələlərdən biri isə məxfilik prinsipidir. İnsan psixoloqun yanına gəldikdə bilməlidir ki, danışdığı şəxsi məlumatlar, ailə məsələləri və terapiya zamanı paylaşdığı hisslər peşə etikası çərçivəsində qorunur.
Bu prinsip haqqında cəmiyyətə kifayət qədər məlumat verilmədikdə insanın beynində “Görəsən, mənim danışdıqlarımı kiməsə deyəcəkmi?” sualı yaranır. Digər tərəfdən, burada psixoloqların öz məsuliyyəti də böyükdür. Cəmiyyətin etimadını yalnız “bizə güvənin” deməklə qazanmaq mümkün deyil”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, güvən peşəkarlıq, etik davranış, sərhədlərə hörmət, məxfilik və ardıcıl şəkildə düzgün fəaliyyət göstərməklə formalaşır:
“Psixoloq sosial mediada müraciət edən şəxslərin hekayələrini, seansda baş verənləri və şəxsi məlumatları paylaşarkən belə onların kimliyinin müəyyənləşməsinə imkan verməməli, pasiyentin məxfiliyinə son dərəcə diqqətlə yanaşmalıdır. Psixoloqlar bu vəziyyəti dəyişmək istəyirlərsə, ilk növbədə öz peşə sərhədlərini qorumalı və cəmiyyətə psixoloji yardımın nə olduğunu düzgün izah etməlidirlər.
İnsanlara psixoloqun vəzifəsinin onların yerinə qərar vermək, mühakimə etmək və ya həyatlarını idarə etmək deyil, insanın özünü, duyğularını və davranışlarını daha yaxşı anlamasına və problemlərinin üzərində peşəkar şəkildə işləməsinə kömək etmək olduğunu göstərmək lazımdır. Çünki psixoloqa etibar bir gündə yaranmır. Hər bir peşəkarın davranışı bu etibarın formalaşmasına təsir edir”.
Zəhra Zahidova vurğulayıb ki, bir psixoloqun etik olmayan davranışı bütövlükdə peşəyə qarşı mənfi münasibəti gücləndirə bilər:
“Peşəkarlıq, məxfilik və insanın hekayəsinə hörmətin cəmiyyətin psixoloqa olan inamını tədricən bərpa etməsi mümkündür. Əslində insanın psixoloqa müraciət etməsi onun zəif olması demək deyil. Əksinə, insanın öz problemini qəbul edib onun üzərində işləmək qərarı özünə və həyatına məsuliyyətlə yanaşmasının göstəricisidir. Cəmiyyət olaraq psixoloji yardıma münasibəti dəyişmək üçün həm psixoloqların peşəkar və etik məsuliyyətinə, həm də insanların psixoloji xidmət haqqında düzgün maarifləndirilməsinə ehtiyac var”.
Pərviz


