PLOS: Gənc şimpanzelər yaşa dolduqca "aksent"lə danışmağa başlayırlar

DÜNYA
10:44 / 02.11.2026
61

Şimpanzelərin çıxardığı səslər yaş artdıqca dəyişir və yaşadıqları qruplara xas xüsusiyyətlər əldə edir. Alimlər bu prosesi heyvanların sosial mühit və ətraf şəraitlə qarşılıqlı əlaqəsinin nəticəsi kimi qiymətləndirirlər.

HİT.az xəbər verir ki, bu qənaətə London Kraliça Meri Universitetinin tədqiqatçıları Zambiya və Tanzaniyada yaşayan iki fərqli qrupdan olan 30 şimpanzenin səslərini araşdırdıqdan sonra gəliblər. Araşdırmanın nəticələri PLOS One elmi jurnalında dərc olunub.

Tədqiqat zamanı şimpanzelərin xırıltı, hıçqırığa bənzər səslər və gülüş daxil olmaqla üç növ vokal reaksiyası təhlil edilib. Ümumilikdə 11 225 səs elementi araşdırılıb. Alimlər səslərin hündürlüyü, davametmə müddəti və ritmi də daxil olmaqla 15 xüsusiyyətini qiymətləndiriblər.

Məlum olub ki, fərqli qruplara məxsus səs xüsusiyyətləri balaca şimpanzelərdə də müşahidə edilsə də, yaş artdıqca bu fərqlər daha aydın nəzərə çarpır. Alqoritm gənc şimpanzelərin hansı qrupa aid olduğunu xırıltılarına görə 90,58, hıçqırığa bənzər səslərinə görə 87,89, gülüşlərinə görə isə 96,7 faiz dəqiqliklə müəyyən edə bilib. Balalarda isə bu fərqlər daha zəif olub.

Tədqiqatçılar hesab edirlər ki, dəyişikliklərdə sosial təcrübə və ətraf mühit mühüm rol oynaya bilər. Məsələn, şimpanzelərin gülüşü əsasən yaşıdları ilə oyun zamanı ortaya çıxır. Xırıltıların istifadəsi də heyvan böyüdükcə dəyişir. Hıçqırığa bənzər səslər isə adətən təhlükə və narahatlıq zamanı anaya ünvanlandığından daha sabit qalır.

Araşdırmanın aparıcı müəllifi Kassandra Giragosyan bildirib ki, şimpanzelərin səs ünsiyyəti doğulduqları andan dəyişməz qalmır, onların sosial və ekoloji mühitlə qarşılıqlı əlaqəsi nəticəsində inkişaf edir.

Alimlər bunun insan dilinə bənzər danışıq və ya şüurlu şəkildə aksent təqlidi olmadığını xüsusi vurğulayırlar. Səslərdəki dəyişikliklərə sosial təcrübə ilə yanaşı, genetika, fiziki inkişaf və yaşayış mühiti də təsir göstərə bilər. Üstəlik, araşdırmada eyni heyvanlar böyüdükləri müddətdə izlənilməyib, fərqli qruplar müqayisə edilib.

Bununla belə, nəticələr çevik səs ünsiyyəti qabiliyyətinin insan nitqindən daha qədim təkamül köklərinə malik ola biləcəyini göstərir.

Samir

0