Ailə insanın özünü ən güvəndə hiss etməli olduğu yerdir.
Ancaq bəzi qadınlar üçün təhlükə məhz evin qapıları arxasında başlayır. Mübahisə ilə başlayan, təhdid və təzyiqlə davam edən zorakılıq bəzən elə bir həddə çatır ki, nəticəsi ölümlə bitir. Azərbaycanda açıqlanan son rəqəmlər də bu problemin ciddiliyini bir daha gündəmə gətirir.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda məişət zorakılığı ilə bağlı 716 cinayət qeydə alınıb. Bu hadisələr nəticəsində 722 nəfər zərər çəkib, 22 nəfər həyatını itirib. Ölənlərin 15-i qadın, 7-si kişi olub. Zərərçəkənlərin 608-ni qadınlar, 114-nü isə kişilər təşkil edib. Beləliklə, zərərçəkənlərin təxminən 84,2 faizi qadınlar olub.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, ailə daxilində baş verənlər şəxsi məsələ sayılsa da, zorakılıq heç vaxt yalnız ailənin daxilində qalan problem deyil:
“Qadının təhlükəsizliyi, uşaqların müdafiəsi və zorakılığın qarşısının alınması cəmiyyətin ümumi məsuliyyətidir. Ən vacibi isə odur ki, təhlükə yaranandan sonra deyil, ilk xəbərdarlıq əlamətləri görünəndə hərəkətə keçirilməlidir. Uşaqların sağlam mühitdə böyüməsi də yalnız valideynlərin bir evdə yaşaması ilə ölçülmür. Evdə davamlı qorxu, təhdid və aqressiyanın olması uşaqların emosional vəziyyətinə və münasibətləri qavrama tərzinə mənfi təsir göstərə bilər”.
Həmsöhbətimiz hesab edir ki, məişət zorakılığını yalnız döyülmə və fiziki xəsarətlə əlaqələndirmək problemin bir hissəsidir:
“Davamlı təhqir, qorxutma, şəxsin yaxınları ilə münasibətlərinə nəzarət, iqtisadi asılılıq yaratmaq və sərbəst qərar vermək imkanını məhdudlaşdırmaq da zorakılığın müxtəlif formalarıdır”.
Sevinc



