Azərbaycanda abortların sayının artması, xüsusilə yeniyetmə yaş qrupları üzrə açıqlanan rəqəmlər erkən hamiləlik və reproduktiv sağlamlıq məsələsini yenidən gündəmə gətirir.
Rəsmi məlumatlara görə, 2025-ci ildə ölkədə 95 117 abort qeydə alınıb. Onlardan 15-17 yaşlı qızların payına 66, 18-19 yaşlıların payına isə 3 178 hal düşüb. 2024-cü ildə 15-17 yaş qrupu üzrə 72 abort qeydə alınmışdı. Bu rəqəmlər göstərir ki, ən kiçik yaş qrupunda artım qeydə alınmasa da, yeniyetmələr arasında erkən hamiləlik problemi diqqətdən kənarda qalmamalıdır.
Nəzərə almaq lazımdır ki yeniyetməlik dövrü orqanizmin fiziki və hormonal inkişafının davam etdiyi mərhələdir. Bu yaşda baş verən hamiləlik həm tibbi, həm də psixoloji baxımdan xüsusi yanaşma tələb edir. Qızın yaşı, ümumi sağlamlıq vəziyyəti, hamiləliyin müddəti və tibbi yardıma nə qədər tez müraciət etməsi mümkün risklərə təsir göstərir.
Hamiləliyin sonlandırılması tibbi qaydalara uyğun və müvafiq ixtisasa malik mütəxəssis tərəfindən aparıldıqda, ümumiyyətlə, təhlükəsiz tibbi müdaxilə hesab olunur. Belə hallarda güclü qanaxma, infeksiya, uşaqlıq toxumalarının zədələnməsi və natamam abort kimi problemlər meydana çıxa bilər. Vaxtında tibbi yardım göstərilmədikdə bu ağırlaşmalar qızın həyatı üçün də təhlükə yarada bilər.
Yeniyetmə yaşda arzuolunmaz hamiləlik yalnız fiziki sağlamlıq məsələsi deyil. Qız ailəsinin reaksiyasından qorxa, cəmiyyətdə qınaqla üzləşəcəyini düşünə və vəziyyətini uzun müddət gizlətməyə çalışa bilər. Bu isə tibbi yardıma gec müraciət etməsinə, yanlış qərarlar verməsinə və psixoloji gərginliyin artmasına gətirib çıxarar.
Belə hallarda yeniyetməni ittiham etmək və ya utandırmaq problemi həll etmir. Əksinə, onun etibarlı böyüyə və tibb mütəxəssisinə müraciət edə bilməsi vacibdir. Hamiləliyin zorakılıq və ya məcburetmə nəticəsində baş verməsi ehtimalı da diqqətlə qiymətləndirilməli, uşağın təhlükəsizliyi təmin olunmalıdır
Erkən hamiləlik hallarının qarşısının alınması yalnız ailənin və ya məktəbin üzərinə düşən vəzifə deyil. Yeniyetmələrin yaşlarına uyğun, düzgün reproduktiv sağlamlıq məlumatları əldə etməsi, valideynləri ilə təhlükəsiz ünsiyyət qura bilməsi və tibbi məsləhətə çıxışının olması mühüm rol oynayır.
Eyni zamanda, yeniyetmələrə şəxsi sərhədlər, razılıq, zorakılıqdan qorunma və məsuliyyətli davranış barədə məlumat verilməlidir. Arzuolunmaz hamiləlik baş verdikdə isə qınaq və qorxutma əvəzinə, vaxtında tibbi yardım və psixoloji dəstək təmin olunmalıdır.
Onu da bildirək ki, yeniyetmə yaşda abort məsələsinə yalnız statistika kimi baxmaq kifayət deyil. Hər rəqəmin arxasında sağlamlığı, gələcəyi və təhlükəsizliyi qorunmalı olan bir qız dayanır. Əsas məqsəd bu halları gizlətmək deyil, onların qarşısını almaq, riskləri azaltmaq və ehtiyacı olan yeniyetmələrin vaxtında peşəkar yardım almasına şərait yaradılmalıdır.
Sevinc

