Yaşlı insanlar niyə gənclərdən daha xoşbəxtdir? - Alimlər səbəbini açıqladı

SOSİAL
13:16 / 09.11.2026
13

İnsanlar yaşlandıqca daha xoşbəxt, sakit və mənfi emosiyaların öhdəsindən daha yaxşı gələn fərdlərə çevrilə bilərlər. Alimlərin araşdırması göstərib ki, yaş artdıqca mənfi hisslərin sayı azalır, müsbət emosiyalar isə daha çox yaşanır.

HİT.az xəbər verir ki, bu nəticəyə Stenford Universitetinin alimləri tərəfindən aparılan araşdırmada gəlinib. Tədqiqatın nəticələri “The Coolist” nəşrində dərc olunub.

Alimlər 1993-2005-ci illər ərzində yaşı 18-dən 94-dək olan 180 nəfərin emosional vəziyyətini izləyiblər. Araşdırmanın əsas məqsədi yaş artdıqca insanların xoşbəxtlik səviyyəsinin və emosional reaksiyalarının necə dəyişdiyini müəyyənləşdirmək olub.

Tədqiqatın daha dəqiq aparılması üçün iştirakçıların keçmiş hisslərlə bağlı xatirələrinə deyil, gündəlik həyatda yaşadıqları emosiyalara diqqət yetirilib. Könüllülər hər beş ildən bir bir həftə ərzində özləri ilə peycer gəzdiriblər. Cihaz siqnal verdikdə onlar həmin an özlərini nə dərəcədə xoşbəxt, məmnun və sakit hiss etdikləri barədə məlumat veriblər.

Nəticələr göstərib ki, yaş artdıqca mənfi emosional təcrübələr azalır, müsbət hisslər isə güclənir. Üstəlik, bu tendensiya iştirakçıların hansı nəsilə mənsub olmasından asılı olmayıb.

Araşdırmanın aparıcı müəllifi, psixologiya professoru Laura Karstensen bu nəticəni insanların yaşlandıqca ümumilikdə daha xoşbəxt olması ilə izah edib.

Yaş artdıqca xoşbəxtliyin səbəbi nədir?

Alimlər bu vəziyyətin izahını sosial-emosional seçicilik nəzəriyyəsi ilə əlaqələndirirlər. Həmin nəzəriyyəyə görə, insan zamanının məhdud olduğunu daha dərindən dərk etdikcə həyatdakı prioritetlərini dəyişir. O, enerjisini həqiqətən əhəmiyyətli hesab etdiyi münasibətlərə, məşğuliyyətlərə və hadisələrə yönəltməyə başlayır.

Beləliklə, yaşlı insanlar yaxınları ilə münasibətlərə daha çox diqqət ayırır, xoş təəssürat yaradan fəaliyyətlərə üstünlük verir və güclü emosional gərginlik yaradan vəziyyətlərin öhdəsindən daha yaxşı gəlirlər.

Maraqlı məqamlardan biri də odur ki, yaşlı iştirakçılarda müsbət və mənfi emosiyaların eyni vaxtda yaşanmasına daha çox rast gəlinib. Başqa sözlə, onlar eyni anda həm sevinc, həm kədər, həm sakitlik, həm də narahatlıq hiss edə bilirlər.

Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, yaşlanmaq hər kəsi avtomatik olaraq nikbin insana çevirmir. İnsanların xarakter xüsusiyyətləri fərdi olaraq dəyişir və yaşın artması mütləq xoşbəxtlik demək deyil.

Samir

0