1500 manatlıq müavinət doğum sayına təsir göstərə bilər?

SOSİAL
14:14 / 05.11.2026
135

Uşağın dünyaya gəlməsi ilə bağlı ailələrə göstərilən maddi dəstəyin artırılması gündəmdədir.

2027-ci ildən etibarən yeni doğulan hər uşaq üçün valideynlərə 1500 manat məbləğində birdəfəlik müavinət verilməsi planlaşdırılır. Bununla bağlı müddəa Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında nəzərdən keçirilən 2027-ci il dövlət büdcəsi layihəsində yer alıb. Təklif qəbul olunarsa, hazırda 600 manat olan müavinət gələn il 900 manat artırılacaq.

Bəs qərar ailələrin sosial təminatına hansı töhfəni verə bilər? Birdəfəlik ödənişin yüksəldilməsi ölkədə doğum göstəricilərinə təsir etmək və gənclərin valideyn olmaq qərarını stimullaşdırmaq üçün kifayət edəcəkmi?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında bildirib ki, yeni doğulan uşağa görə birdəfəlik müavinətin 1500 manata çatdırılması təqdirəlayiq addımdır:

414834

“Bu qərar xüsusilə gənc ailələrin sosial vəziyyətinə müsbət təsir göstərə bilər. Çünki ailədə körpənin dünyaya gəlməsi ilə yanaşı, bir sıra əlavə xərclər də yaranır. Uşağın ilkin ehtiyaclarının qarşılanması, geyim, qidalanma, gigiyena vasitələri və digər zəruri tələbatlar müəyyən maliyyə vəsaiti tələb edir.

Bu baxımdan, ilk aylarda təqdim olunan 1500 manatlıq birdəfəlik dəstək gənc valideynlər üçün əhəmiyyətli köməkdir. Belə sosial təşəbbüslər ailələrin uşaq sahibi olmaq qərarına da müsbət təsir göstərə, uzunmüddətli perspektivdə demoqrafik göstəricilərin yaxşılaşmasına töhfə verə bilər”.

Sosioloq hesab edir ki, ailələrə dəstək yalnız uşağın doğulduğu zaman verilən birdəfəlik ödənişlə məhdudlaşmamalıdır:

“Uşaqların böyüdüyü bütün mərhələlərdə onların sosial təminatına diqqət yetirilməlidir. Məsələn, mütəmadi uşaq müavinətinin tətbiqi, məktəb yaşına çatan uşaqlar üçün dəstək mexanizmlərinin yaradılması bu istiqamətdə faydalı ola bilər.

Eyni zamanda, yeni ailə quran gənclərin güzəştli mənzillə təmin olunması, ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması və uşaqların əsas ehtiyaclarının qarşılanmasına yönələn sosial proqramların genişləndirilməsi vacibdir. Çünki doğum səviyyəsinin yüksəlməsi üçün təkcə uşağın dünyaya gəlməsini təşviq etmək deyil, həm də ailənin onu sağlam və təminatlı şəraitdə böyüdə bilməsinə imkan yaratmaq lazımdır”.

Sevinc

0