Nə üçün dərman atmağa meyillik? – Psixoloq DANIŞDI

SAĞLAMLIQ
16:00 / 05.11.2026
38

“Gündəlik həyatda insanlar hər hansısa ağrı hiss etdikdə ilk olaraq dərman atmağı düşünürlər”.

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən danışıb:


“Bir çoxumuz bunu çox normal qəbul edirik. Lakin hər ağrıda dərman atmaq doğru deyil. Əslində, psixoloji olaraq hər ağrının psixoloji mənası olur. Məsələn, ən çox rast gəlinın ağrılardan biri baş ağrısıdır. Baş ağrısı beyin çox informasiya qəbul edəndə və ya zehin yorulanda ortaya çıxır. 

Həmçinin, fiziki və ya emosional yorğunluq, eləcə də düzgün qidalanmamaq, sağlam yuxu rejiminin olmaması da bu ağrıya səbəb olur. Ona görə də pasiyentlərə nəfəs texnikalarını öyrədirik. Çünki nəfəs alıb-verməyimizin normal olanda, sağlam bədənimizin kütlə həcminə görə oksigeni qəbul edirik. Bunlar qaydasında olmayanda baş ağrısı yaranır”.

Ekspert qeyd edib ki, bəzi insanlar hər şeyi tez bitirməyə tələsirlər: 
“Lakin nə qədər tələsməyinizə rəğmən, hər şey onsuz da zamanında olur. Unutmayın ki, beynin əsas funksiyası insan qorumaqdır. Ona görə də beyin hansısa orqanda ağrı hiss edən kimi nəzarət hissini itirmək qorxusu yaranır. Üstəlik, insan beyni qeyri-müəyyənliyi qətiyyən sevmir. 

Bu səbəbdən də hansısa ağrı olan kimi dərman ataraq ondan tez zamanda xilas olmağa meylli oluruq. Bir növ qorxu hissi ilə dərmanı atırıq. Əslində, ağrını deyil, daxilimizdəki həmin o çarəsizlik qorxusunu sakitləşdirmək üçün dərmana qaçırıq”.

Həmsöhbətimizin sözlərinə görə, dərmana meylli olmağımızda digər səbəb isə bədənimizi dinləməyi unutmağımızdır:
“Bədənimizdə yaranan hər yüngül ağrı bizə düşmən deyil. Məsələn, baş ağrısı mesajını düz anlasaq, dərman atmaq əvəzinə yuxu rejiminə və sağlam qidalanmağa əhəmiyyət verərik. Ağrılarla gələn mesajları düzgün anlamadıqda isə sağlamlığımız müəyyən dərmanlarda asılı olacaq.

Halbuki, sağlamlığımız öz əlimizdədir. Yəni bu prosesləri anladığımız bədənimizə necə qulluq edəcəyimizi də dərk edərik. Ağrılar sadəcə xəbərdarlıq siqnallarıdır. Biz də bunu başa düşərək daha təmkinli, sağlam addımlar ata bilərik”.

Psixoloq əlavə edib ki, beynimiz yaradılışca ən asan və qısa yola meyllidir:
“Səbirsiz varlıq olduğumuz üçün hər hansı problemi dərindən həll etmək əvəzinə, dərhal nəticə almağa çalışırıq. Məsələn, ağrı hiss edən kimi dərman atırıq və ağrı kəsilir. Beyin bu qısa zənciri sürətlə mənimsəyir və hər xırda narahatlıqda bizi həmin asan yola yönəldir. Hətta elə bir inanc formalaşır ki, həb hələ qana qarışmadan sırf onu qəbul etdiyimiz üçün zehnimizdə ağrı azalmağa başlayır. Bu da psixologiyada “plasebo effekti” adlanır”.

Mütəxəssis vurğulayıb ki, bu asılılığın qarşısını almaq üçün asan və təbii həll yollarına müraciət edə bilərik:
“Birincisi, fizioloji rahatlamadır. Yəni templi yürüyüş etmək, bol su içmək və təmiz hava almaq vacibdir. Ən sadə üsul fizioloji nəfəs texnikasıdır. Burundan dərin nəfəs alıb, dərhal üzərinə qısa bir nəfəs də əlavə edərək ağızdan buraxmalıyıq. Bu hərəkəti 3-4 dəfə təkrar etdikdə bədəndəki gərginlik azalır və ürək döyüntüsü sakitləşir.

Bundan başqa, ağrını bir faciə kimi görmək əvəzinə, beyni müsbət mənada “aldatmaq” mümkündür. Ağrını bədəndən çıxan qara bir duman, kölgə və ya kiçik bir obyekt kimi təsəvvür etdikdə, onun təsiri zəifləyir. Bu, davranış və düşüncə terapiyasının əsas prinsiplərinə söykənir”.

A.Məmmədova söyləyib ki, zehnimizi, duyğularımızı və davranışlarımızı tərbiyə edərək idarəetməni öz əlimizə ala bilərik:
“Ağrıya düşmən kimi deyil, diqqət və qayğıya ehtiyacı olan bir canlı kimi yanaşdıqda, onun bədəndəki fiziki gərginliyi də dağılır. Psixosomatika göstərir ki, genetik və ya bioloji mənşəyindən asılı olmayaraq, bir çox narahatlığın psixoloji tənzimlənməsi mümkündür. Unutmayın ki, müasir dövrdə hər cür psixoloji problemin müalicəsi var”.

Pərviz

0