Fransanın avtomobil istehsalçısı “Peugeot” kompakt B-heçbek segmentindəki ən populyar modellərindən biri olan “208”in tamamilə yenilənmiş yeni nəslini təqdim etməyə hazırlaşır.
Hit.az xəbər verir ki, təxminən 4 metr uzunluğundakı mövcud kompakt ölçülərini qoruyub saxlayacaq yeni nəsil avtomobilin 2027-ci ildə yollara çıxaraq brendin dizayn tarixində yepyeni bir mərhələ açacağı gözlənilir.
Nəqliyyat vasitəsinin eksteryerində markanın “Polygon” və “E-T16” konseptual modellərindən götürülmüş fütüristik xətlərə geniş yer veriləcək. Öyrəşdiyimiz üçlü şaquli “aslan pəncəsi” formalı ön fənər konsepsiyası öz yerini avtomobilə vizual olaraq daha geniş və aqressiv duruş qazandıran üç nazik üfüqi işıq xəttinə verəcək. Kompakt gövdə proporsiyaları qorunmaqla hava müqavimətini minimuma endirən hamar səthlər və kəskin künclər tətbiq olunacaq.

Paris Avtomobil Sərgisində nümayiş etdirilən konsept avtomobillərin daxili tərtibatı yeni “208” modelinin salona da birbaşa təsir edəcək. İnteryerin ən diqqətçəkən detal kimi həndəsi formalı, elektron idarəetməli “Hypersquare” sükan çarxı təqdim ediləcək. Həmçinin, avtomobil “Peugeot” brendinin rəqəmsal interfeyslərinin gələcək inkişafını nümayiş etdirən ən son nəsil “i-Cockpit” rəqəmsal panel sistemi ilə komplektləşdiriləcək.
Qeyd edək ki, Yeni nəsil “Peugeot 208” modeli “Stellantis” konserninin modulyar “STLA One” platforması üzərində inşa ediləcək və bazara yalnız tam elektrikli (BEV) mühərrik modifikasiyaları ilə çıxarılacaq.
Hibrid mühərrikli versiyalara üstünlük verən alıcılar üçün isə marka mövcud nəsil “208” modelini 2028-ci ildə həyata keçiriləcək geniş restaylinq əməliyyatı ilə paralel olaraq konveyerdə saxlamağa və yenilənməyə davam edəcək.
Pərviz


