Son günlər dünyanın müxtəlif ölkələrində əhalinin fövqəladə vəziyyətlərə hazırlığı ilə bağlı çağırışlar diqqət çəkir.
Yaponiya, Avstriya, Almaniya, Böyük Britaniya, İsveç və digər ölkələrdə vətəndaşlara mümkün böhranlar zamanı əvvəlcədən tədbir görmək, evlərində müəyyən müddətə kifayət edəcək ərzaq, içməli su və dərman ehtiyatı saxlamaq tövsiyə olunur. Bəzi ölkələrdə bu müddət 72 saat, digərlərində isə bir həftə, hətta 10 gün müəyyənləşdirilib. İnsanlara mobil telefonlarını enerji ilə təmin etmək, ehtiyat enerji mənbələri, fənər, batareya, ilkin tibbi yardım vasitələri və nağd pul saxlamaq da məsləhət görülür.
Bu çağırışların arxasında dayanan əsas məqsəd mümkün fövqəladə vəziyyətlərdə insanların dövlət yardımına qədər ilk günlərdə öz əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilməsidir. Təbii fəlakətlər, hərbi münaqişələr, enerji və rabitə sistemlərində fasilələr, kiberhücumlar kimi risklər belə hazırlığın vacibliyini artırır.
Maraqlıdır, dünya daha ciddi böhranlara hazırlaşırmı? Üç günlük ərzaq və tibbi ləvazimat ehtiyatı saxlamaq nə dərəcədə vacibdir?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, ayrı-ayrı ölkələrdə əhalinin üç günlük ehtiyat toplamağa çağırılması yaxın gələcəkdə konkret təhlükənin baş verəcəyinə dair siqnal kimi qəbul edilməməlidir:

“Bu yanaşma daha çox insanların gözlənilməz hadisələr zamanı necə davranmalı olduqlarını əvvəlcədən bilməsinə xidmət edir. Mövcud geosiyasi gərginlik fonunda belə hazırlıq məsələlərinin gündəmə gətirilməsi təbiidir. Lakin 2026 və 2027-ci illərdə xüsusi bir fövqəladə hadisənin baş verəcəyini söyləməyə əsas verən konkret təhlükə yoxdur”.
Ekspert əlavə edib ki, qlobal miqyaslı nüvə münaqişəsi kimi ssenarilərdə bir neçə günlük ərzaq və su ehtiyatı problemin həlli üçün yetərli vasitə sayıla bilməz:
“Buna görə də hazırkı çağırışların əsas mahiyyəti insanlarda təhlükəsizlik vərdişlərinin formalaşdırılması və gündəlik həyatda yarana biləcək müvəqqəti fasilələrə hazırlığın artırılmasıdır”.
Sevinc


