Misirin ən məşhur tarixi abidələrindən biri olan Xeops piramidasının tikintisi ilə bağlı yeni nəzəriyyə irəli sürülüb. Bəzi alimlər hesab edirlər ki, piramidanın bütün elementləri təbii daş bloklardan hazırlanmayıb, onların bir hissəsi tikinti meydançasında xüsusi əhəngdaşı qarışığından tökülmüş ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” məlumat yayıb.
Bu fərziyyəni ilk dəfə 1970-ci illərdə fransız kimyaçısı Jozef Davidovits irəli sürüb. Onun fikrincə, qədim misirlilər daş blokları qayalardan kəsmək əvəzinə, əzilmiş əhəngdaşı, gil, diatomit, natrium karbonat və əhəngdən ibarət qarışıq hazırlayaraq taxta qəliblərə töküblər. Beləliklə, tikinti materialları birbaşa piramidanın inşa edildiyi ərazidə formalaşdırılıb.
Bu nəzəriyyə uzun müddət mübahisəli hesab edilsə də, sonradan bəzi alimlərin diqqətini yenidən cəlb edib.
Belçikalı nüvə fizikası professoru Gi Demortye apardığı əlavə araşdırmalarda piramidadan götürülmüş nümunələri xüsusi rentgen üsulları və maqnit spektroskopiyası ilə təhlil edib. Onun nəticələrinə görə, tədqiq olunan nümunələrin 85-92 faizi əhəngdaşından ibarətdir. Bununla yanaşı, materialın bəzi xüsusiyyətləri yaxınlıqdakı təbii əhəngdaşı yataqlarından fərqlənib.
Demortyenin fikrincə, bu fərqlər materialın süni yolla hazırlanmış ola biləcəyini göstərir. O, həmçinin piramidanın ənənəvi üsulla tikintisinin tələb etdiyi iş həcminə diqqət çəkib. Alimin hesablamasına görə, tikinti 30 il davam edibsə, hər dəqiqə təxminən bir kubmetr həcmində daş blokun yerləşdirilməsi lazım olub. Fizik bu sürətin əldə edilməsinin çətin olduğunu düşünür.
Nəzəriyyəni ABŞ-ın Dreksel Universitetindən materialşünas Mişel Barsum da dəstəkləyən alimlər sırasındadır.
Lakin bu fərziyyə elmi ictimaiyyət tərəfindən yekdilliklə qəbul edilmir.
Bir sıra tədqiqatçılar oxşar nümunələri araşdırarkən daşların süni mənşəli olduğunu təsdiqləyən kifayət qədər sübut əldə etməyiblər. Onların analizləri materialın təbii daş və tikinti məhlulundan ibarət olduğunu göstərib.
Arxeoloqların və qədim Misir tarixi üzrə mütəxəssislərin əksəriyyəti ənənəvi nəzəriyyəyə üstünlük verir. Bu yanaşmaya əsasən, piramida karxanalardan çıxarılan, daşınaraq tikinti sahəsinə gətirilən və xüsusi mühəndislik üsulları ilə yerləşdirilən nəhəng daş bloklardan inşa olunub.
Beləliklə, Xeops piramidasının süni hazırlanmış əhəngdaşı bloklarından tikilməsi hələlik təsdiqlənmiş elmi fakt deyil, mübahisəli fərziyyə olaraq qalır.
Samir


