“Qadınların sevgilərini etiraf etməyə və münasibətdə ilk addımı atmağa çəkinmələrinin təməlində çox zaman sevgisizlik deyil, rədd edilmək qorxusu, özünüdəyər hissi, keçmiş təcrübələr və uşaqlıqdan formalaşmış psixoloji inanclar dayanır”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bir çox qadın sevməyi bacarsa da, sevdiyini ifadə etməkdə çətinlik çəkir:
“Çünki onun üçün sevgisini etiraf etmək sadəcə hisslərini açıqlamaq deyil, həm də özünü emosional olaraq müdafiəsiz vəziyyətə qoymaq deməkdir. Bu baryerlərdən biri rədd edilmək qorxusudur.
Qadın qarşı tərəfə hisslərini bildirdikdə eyni qarşılığı görməyəcəyindən, dəyərsiz hiss edəcəyindən və ya zəif görünəcəyindən qorxa bilər. Bəzən insan üçün sevilməməkdən daha ağır olan, sevilmədiyini açıq şəkildə öyrənməkdir. Buna görə də susmaq ona daha təhlükəsiz görünür”.
Ekspertin sözlərinə görə, digər mühüm faktor uşaqlıqdan öyrənilmiş gender rollarıdır:
“Bəzi qadınlar böyüdükləri mühitdə ilk addımı kişinin atmalı olduğunu, qadının isə gözləməli olduğunu öyrəniblər. Bu inanc zamanla onların şüuraltı münasibət modelinə çevrilir. Qadın hisslərini ifadə etmək istəsə də, daxilində onu saxlayan bir səs yaranır: “Mən ilk addımı atsam, görəsən, haqqımda nə düşünər?”
Bəzən bunun arxasında özünüdəyər problemi dayanır. Qadın düşünür ki, əgər ilk addımı özü atarsa, qarşı tərəfin gözündə dəyərini itirəcək. Sevgisini göstərməyi özünü ucuzlaşdırmaq, marağını bildirməyi isə qarşı tərəfdən asılı vəziyyətə düşmək kimi qəbul edir. Halbuki sağlam münasibətdə hissləri ifadə etmək insanın dəyərini azaltmır”.
Psixoloq diqqətə çatdırıb ki, burada keçmiş emosional travmalar və xəyal qırıqlıqları da ciddi rol oynayır:
“Əvvəllər hisslərini açıq ifadə edib qarşılığında laqeydlik, xəyanət, manipulyasiya və ya rədd edilmə yaşamış qadın yeni münasibətlərdə özünü qorumağa çalışa bilər. Beyin əvvəlki ağrını təkrar yaşamamaq üçün emosional yaxınlıqdan uzaq durmağı təhlükəsizlik mexanizminə çevirir”.
Həmsöhbətimiz hesab edir ki, başqa psixoloji baryer isə nəzarəti itirmək qorxusudur:
“Bəzi qadınlar hisslərini etiraf etdikləri anda qarşı tərəfin münasibətdə üstün mövqeyə keçəcəyini düşünürlər. Buna görə də sevsələr belə, soyuq görünməyi, gözləməyi və hisslərini gizlətməyi seçirlər. Əslində bu, çox zaman emosional güc deyil, həssaslığın yaratdığı müdafiə mexanizmidir.
Bəzən qadın öz hisslərini deyil, qarşı tərəfin onu seçib-seçməyəcəyini gözləyir. Çünki onun üçün sevilmək, seçilmək və arzulandığını hiss etmək çox önəmlidir. İlk addımı atmaq isə sanki bu təsdiqi özünün axtarması kimi görünür. Lakin burada vacib bir məqam var ki İlk addımı atmaq qadının dəyərini azaltmadığı kimi, ilk addımı atmamaq da onun sevgisinin daha dərin olduğunu göstərmir”.
Zəhra Zahidova əlavə edib ki, sağlam münasibətdə sevgi cinsiyyətə görə müəyyən edilmiş rollarla deyil, qarşılıqlı maraq, cəsarət, hörmət və emosional açıqlıqla formalaşır:
“Bəzən qadın sevdiyi insana yaxınlaşmaqdan deyil, ona yaxınlaşdıqdan sonra özünü itirməkdən qorxur. Çünki illərlə güclü görünməyi, gözləməyi, hisslərini gizlətməyi öyrənib. Halbuki emosional yetkinlik hisslərini gizlətmək deyil, nəticəsindən asılı olmayaraq onları sağlam şəkildə ifadə edə bilməkdir”.
Pərviz



